Mayın 18-də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “2015-ci ildən sonrakı dünyada dialoq” başlıqlı seminarlardan daha biri mədəniyyət və turizmin qarşılıqlı münasibətlərinə həsr olunmuşdu. Forumun tərəfdaşlarından olan BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) keçirdiyi seminar “Xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında tolerantlıq, anlaşma və dialoqun təşviqi naminə bir vasitə kimi turizmin imkanlarından yararlanmaq” mövzusunda idi.
Əvvəlcə tədbirin moderatoru, BMÜTT-nin Yaxın Şərq üzrə regional direktoru Əmir Abdel Qaffar mövzunun əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün dünyada turizmdən böyük gəlirlər əldə edilir: “Turizmin inkişafı siyasətçilərin də bu sahəyə marağının artmasına səbəb olub. Çünki ölkələr arasında qarşılıqlı turist səfərlərinin genişlənməsi mədəniyyətlərarası dialoqa, tolerantlığa töhfələr verə bilər. Ümumdünya Turizm Təşkilatı da bununla bağlı müvafiq strategiyaların hazırlanmasına xüsusi diqqət ayırır”.
Mövzu ilə bağlı ilk çıxış edən Myanma (keçmiş Birma - red.) Turizm Federasiyasının davamlı turizmin inkişafı üzrə müşaviri Nikol Hausler müvafiq sahə üzrə təcrübəsini bölüşdü. Bildirdi ki, təmsil etdiyi qurumun məqsədi ölkəni turizm məkanı kimi təbliğ etmək, investorlarla əlaqələrə önəm vermək, turizm sahəsi ilə bağlı mütəxəssislər yetişdirməkdir. Federasiya bu işdə yerli icmalara xüsusi önəm verir.
Qlobal Davamlı Turizm Şurasının turizm və inkişaf məsələləri üzrə müşaviri Natalya Naranxo Ramos da təmsil etdiyi qurumun Ekvador və Kolumbiya ilə bağlı təcrübəsindən bəhs etdi. Bildirdi ki, müvafiq ərazilərlə bağlı həyata keçirilən layihənin əsas hədəfi ekoturizmin inkişafı və bu istiqamətdə icmaların fəaliyyətinə imkanların yaradılması, onların maraqlarının bir araya gətirilməsi, habelə yoxsulluğun aradan qaldırılmasıdır. Layihə həyata keçirilərkən icmaların təşəbbüsləri nəzərə alınıb və uğurlu nəticələr əldə edilib.
Niderlandın Breda Universitetindən turizm üzrə baş mühazirəçi Rami İsaak Fələstin və İsrail arasında münasibətlərə turizmin təsiri imkanlarından, bu sahədə fəaliyyət göstərən təşkilatların həyata keçirdiyi layihələrdən danışdı. Onun sözlərinə görə, əsas məqsəd qarşılıqlı sülhün bərqərar olması, hər iki tərəfdən insanların birgə fəaliyyətə cəlb edilməsidir.
“Swisspeace” (İsveçrə Sülh Fondu) təşkilatının biznes və sülh proqramının nümayəndəsi Rina Alluri bu və ya digər ölkədə münaqişə, soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələrə turistlərin maraq göstərdiyini deyib. Qeyd edib ki, belə abidələr oxşar faciələrin baş verməməsi üçün insanların həmrəy olmasına kömək edir.
Avropa Şurasının “Mədəni marşrutlar üzrə genişləndirilmiş hissəvi Sazişi”nin icraçı katibi Penelop Denu qeyd etdi ki, turizm münaqişələrin qarşısının alınmasında mühüm rola malikdir: “Münaqişələrin aradan qaldırılmasında müxtəlif qurumlar arasında təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti çoxdur. Lakin bu azdır, belə ki, birgə əməkdaşlıq çərçivəsində münaqişələrin aradan qaldırılmasına nail olmaq mümkündür”.
Seminarda çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov mədəni diplomatiyada turizmin rolundan söhbət açdı. Bildirdi ki, bu gün turizmin missiyasına səyahətdən başqa, daha geniş sahə, o cümlədən mədəniyyəti, incəsənəti, adət-ənənələri bölüşmək daxildir. Ölkəmizin turizm imkanlarından danışan rektor bildirdi ki, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan regionda mədəni diplomatiyanın inkişafına mühüm təsir göstərir. O, rəhbərlik etdiyi universitetdə kadr hazırlığından da danışdı. Qeyd etdi ki, universitetin məzunları brend hotellərdə və şirkətlərdə çalışırlar. ATMU Azərbaycanda ilk tədris ocağıdır ki, Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə birgə ikili diplom proqramı həyata keçirir.
Ümumdünya Turizm Təşkilatının əlaqələr və resursların səfərbərliyi proqramının əlaqələndiricisi Kordula Volmuter turizmin sülhün bərqərar olmasında rolundan söz açdı. Turizm və sülh mövzusunda kitabını internetdə yerləşdirdiyini deyən mütəxəssis bildirdi ki, turistin getdiyi ölkədə necə qarşılanmasından, yaradılan şəraitdən çox şey asılıdır: “İnsanlar səyahət etməklə fikirlərini dəyişirlər. Qlobal cəmiyyətdə insanların bir araya gəlməsi vacibdir”.
Sonda çıxışlar ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.
Fəxriyyə Abdullayeva