“Bakı-2015” Avropa Oyunlarının aprelin 27-dən başlanan ölkə səyahəti davam edir. Mayın 21-də məşəl Ucar rayon mərkəzinə gətirilib və burada minlərlə sakinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.

Ucar rayonundan sonra Oyunların məşəli qonşu Göyçay rayonuna aparılıb. Növbəti dayanacaqlar Ağdaş və Mingəçevirdir. Qeyd edək ki, Mingəçevir şəhəri Avropa Oyunlarında avarçəkmə yarışlarına ev sahibliyi edəcək. Bundan sonra məşəli Balakən və Zaqatala qəbul edəcək.
Ümumilikdə 60 məntəqəni əhatə edəcək məşəl turunun təxminən üçdə ikisi arxada qalıb. Qarşıda 20-dək rayon və şəhər var. İyunun 10-da Oyunların məşəli ölkə üzrə ümumilikdə 5 min km qət etdikdən sonra Bakıya çatacaq.
Bu arada paytaxtda yarışların keçirilməsi üçün bütün obyektlər Oyunlara tam hazırdır. Mayın 20-də media təmsilçiləri üç idman obyektində - VMX Veloparkı, Su İdmanı Sarayı, “Baku Crystal Hall” Sarayında olublar. Jurnalistlərə məlumat verilib ki, sahəsi 25 min kvadratmetr olan velopark 990 tamaşaçı tutumuna malikdir. İyunun 26-dan 28-dək keçiriləcək yarışlarda 20 ölkədən idmançılar iştirak edəcək.
Su İdmanı Sarayında üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25 metr olan əsas hovuz müxtəlif su idmanı növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar, ikinci hovuz suya tullanma yarışları üçün nəzərdə tutulub.
“Baku Crystal Hall” Sarayında isə beş idman növü - voleybol, boks, taekvondo, karate, qılıncoynatma yarışları keçiriləcək. Onun arenası üç hissəyə - bir-birindən akustik divarlarla ayrılmış zallara bölünüb. Birinci zalda iyunun 13-dən 28-dək voleybolçular, ikinci zalda iyunun 16-dan 27-dək boksçular yarışacaqlar. Üçüncü zal qılıncoynatma, karate və taekvondo üzrə müvafiq olaraq iyunun 23-dən 27-dək, 13-dən 14-dək və 16-dan 19-dək keçiriləcək yarışlar üçün nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar