Mayın 25-də Bakıda I Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışlarda iştirak ediblər.

Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir.
On üç yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzil var. Hər mənzil 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə biləcək. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı olacaq. Yeməkxanada eyni vaxtda 2015 atletə yüksək səviyyədə xidmət göstəriləcək.
Atletlər kəndinin kommersiya mərkəzində gözəllik salonu, poçt, turizm ofisi və valyuta mübadiləsi məntəqəsi fəaliyyət göstərəcək. Kommersiya mərkəzindən müxtəlif stadionlarda və idman qurğularında Oyunları izləmək üçün bilet almaq da mümkün olacaq. Qeyd olundu ki, yarışları izləmək üçün artıq 200 minə yaxın bilet satılıb.
Atletlər kəndinin mədəniyyət və turizm mərkəzində isə sərgi təşkil olunacaq. Burada ölkəmizin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayişi və satışı təşkil ediləcək. “Best of Azerbaijan” adlanan yeməkxanada yalnız ölkəmizin zəngin mətbəxinə aid təamlar təklif olunacaq və bu xidmətdən eyni vaxtda 450 idmançı istifadə edəcək.
* * *
Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn jurnalistlər Media kəndində yerləşdiriləcək. Burada onlara səmərəli işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb. Oyunları işıqlandırmaq məqsədilə 900-ə yaxın xarici media təmsilçisi qeydiyyatdan keçib. Burada da mədəniyyət və turizm mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün Azərbaycan haqqında müxtəlif məlumatların əks olunduğu bukletlər və kitablar sərgilənir.
Media kəndindəki 4 binada ümumilikdə 536 mənzil var. Media kəndində jurnalistlər üçün ayrıca yeməkxana nəzərdə tutulub. Burada onlara dünya mətbəxindən müxtəlif təamlar təklif olunacaq. Yeməkxanada eyni vaxtda 500 nəfərə xidmət göstərəcək.
Həm Atletlər, həm də Media kəndlərində yaradılan şərait dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası həm də ölkəmizin uğurlu inkişafının göstəricisidir. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız dünya idmanının mərkəzinə çevriləcək. Avropa Oyunlarının keçirilməsində qazanacağımız təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə imkan yaradacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar