İyunun 2-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə rayonun sosial-iqtisadi inkişafını, mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ-tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm infrastrukturunu əks etdirən sərgi ilə tanış oldular. Sərgidə rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı malları, İsmayıllı haqqında kitablar, rəsm əsərləri, dekorativ sənət və digər mədəniyyət nümunələri haqqında ətraflı məlumat verildi.
Daha sonra keçirilən mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bölgələrdən paytaxta” layihəsinin uğurla davam etdiyini bildirdi: “Bugünkü təqdimat layihə çərçivəsində keçirilən altıncı tədbirdir. Bu təqdimat onu göstərir ki, layihə getdikcə daha maraqlı və geniş miqyas alır. Biz bunu burada nümayiş olunan sərgidə əyani olaraq gördük”.
Nazir vurğuladı ki, qədim tarixə və mədəniyyətə malik İsmayıllı rayonu, digər bölgələrimiz kimi, yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yerlərdə yeni mədəniyyət və turizm obyektləri yaradılır. Ölkəmizin dünyada tanıdılması üçün də böyük işlər görülür. Azərbaycan mədəniyyətinin nümunələri UNESCO-nun siyahılarına daxil edilir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. İsmayıllı rayonu da xalq sənətkarlığının, mədəni irsimizin zəngin tarixi ilə tanınan bölgələrimizdəndir.
Əbülfəs Qarayev vurğuladı ki, füsunkar təbiəti, etnik müxtəlifliyi ilə seçilən İsmayıllı rayonu son illər turizmin inkişaf etdiyi bölgələrimizdəndir. Ölkəmizin digər bölgələri kimi, İsmayıllı rayonunun da turizm imkanları genişlənir. Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına gələn xarici turistlər də İsmayıllıya səfər edərək, bölgənin zəngin folkloru, gözəl mətbəxi, mehriban və qonaqpərvər insanları ilə tanış olmaq imkanı əldə edəcəklər”.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək son illər bölgədə aparılan tikinti-quruculuq işlərindən, sosial layihələrdən danışdı. Vurğuladı ki, ölkə başçısının diqqət və qayğısı ilə rayonda abadlıq işləri aparılır, müasir infrastruktur yaradılır. Rayona qoyulan investisiyalar ildən-ilə artır, mədəniyyət və turizm imkanları da genişlənir.
Sonra rayonun tarixini, bugünkü inkişafını əks etdirən videoçarx nümayiş olundu.
Tədbir İsmayıllının incəsənət ustalarının konserti ilə davam etdi. Respublika muğam müsabiqəsinin qalibi Kəmalə Nəbiyeva “Ay İsmayıllı”, Sahibə Abdullayeva “Şirvan şikəstəsi”, Piralı Şıxıyev “Xalq Heydər söyləyəcək”, Rövşən Teyyubov “Ölkəm”, İvanovka xalq folklor qrupunun üzvü Viyaçeslav Paninin “Azərbaycan” mahnısını səsləndirdi. “Nağaraçalanlar” ansamblının, “İsmayıllı inciləri” rəqs qrupunun çıxışları proqrama əlavə rəng qatdı. Konsert alqışlarla qarşılandı.
Fariz Hüseynov