Paytaxtda və Şamaxıda “Sabir poeziya günləri” keçirildi
Uzun illərdir böyük satirik şair, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının ildönümü münasibətilə ənənəvi poeziya günləri təşkil olunur. Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti “Sabir poeziya günləri”nin açılış mərasimi keçirildi. Mədəniyyət və ədəbiyyat xadimlərinin, qardaş Türkiyədən də qonaqların iştirak etdiyi mərasimdə əvvəlcə “Sabir” sənədli filmi nümayiş olundu.
Sabir xurafat qurbanı olan hər bir ümmətin şairidir
Tədbiri şair Əjdər Ol açaraq Sabirin qazandığı ümumxalq məhəbbəti və onun mənəvi irsinə olan diqqətdən söz açdı: “Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatında yeni səhifə açmış böyük söz ustadıdır. O, insanlara, həyata, dövrə yeni gözlə baxmağa başladı, şeirlərində dövrünün reallıqlarını gündəmə gətirdi. “Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlaması ilə şairin şeirlərinə sanki bir güzgü tutuldu. Bu gün elə bir azərbaycanlı yoxdur ki, Sabirdən bir şeir, bir misra bilməsin. Sabir “Uşaq və buz” şeirindən tutmuş “Fəxriyyə”sinə qədər hər zaman bizimlədir”.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 1962-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışdı: “109 il öncə Qafqazda bir möcüzə baş verdi. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalı nəşr olunmağa başlayanda Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” möcüzəsi ilə birlikdə Sabir möcüzəsi də baş verdi. Buna qədər isə Sabir mərsiyələr və nohələr yazıb. 1906-cı ildən sonrakı dövrdə isə Sabir xalqının ağrılı problemlərinə həsr olunmuş əsərlər yaratdı”.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, türk şairi Ataol Bəhramoğlu və başqaları böyük Sabirin qazandığı ümumxalq sevgisindən bəhs etdilər. Bildirildi ki, Sabir təkcə Azərbaycanın deyil, bütün türk, islam xalqlarının, həmçinin dünyada əzilən, xurafatın qurbanı olan hər bir ümmətin şairidir.
Tədbirdə qonaqların şeirləri dinlənildi. Mərasim konsert proqramı ilə davam etdi. Xalq artistləri Alim Qasımov, Mələkxanım Əyyubova, Əməkdar artist Fərqanə Qasımova və xanəndə Elnarə Abdullayevanın ifasında muğam və mahnılar alqışlarla qarşılandı.
Şairin ana yurdunda
Mayın 31-də “Sabir poeziya günləri”nin iştirakçıları şairin paytaxtın İstiqlaliyyət küçəsindəki abidəsi önündə xatirə şəkli çəkdirdikdən sonra ədibin doğulduğu Şamaxı şəhərinə yola düşdülər.
Şamaxı şəhərinə gələn qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular.
Sonra tədbir iştirakçıları Sabirin dəfn olunduğu “Yeddi günbəz” və görkəmli maarifçi, şair Seyid Əzim Şirvaninin uyuduğu “Şah xəndan” qəbiristanlıqlarına gedərək ruhlarına ehtiramlarını bildirdilər.
“Sabir poeziya günləri” Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində mərasimlə davam etdi. Şair Əjdər Ol açılış sözündə Sabir yaradıcılığının dəyərindən, builki poeziya günlərinin özəlliyindən danışdı. Bildirdi ki, ölkəmizdə mədəniyyətə və mədəniyyət işçilərinə böyük qayğı ilə yanaşılır. Ölkə Prezidenti İlham Əliyevin “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 1 iyun 2010-cu il tarixli sərəncamını yada salan natiq şairin yaradıcılığına olan diqqət və sevgidən söz açdı. Qeyd olundu ki, Şamaxı şəhərinin bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edilməsi “Sabir poeziya günləri”nin əhəmiyyətini bir qədər də artırır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev poeziya bayramına gələnləri salamladı: “Sabir ötən əsrdə Azərbaycanın birinci böyük şairi kimi ədəbiyyat tariximizə imza atıb. XX əsrin əvvəlində xalqın durumunu görmək üçün Sabir yaradıcılığına nəzər salmaq kifayətdir. Ölməz “Hophopnamə”də cəmləşən həmin satiralar bu gün də dillər əzbəridir”. Asif Ağayev vurğuladı ki, bu gün də qədirbilən xalqımız böyük şairin yaradıcılığını və şəxsiyyətini hörmətlə yad edir.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Sabir yaradıcılığının bənzərsizliyindən, aktuallığından söz açdı, bu dəyərli irsin hər zaman öyrənilməsinə, təbliğinə ehtiyac olduğunu bildirdi: “Sözün həqiqi mənasında, Şamaxı Azərbaycanın ədəbiyyat paytaxtıdır. O, bu ada Xaqani, Nəsimi, Bahar Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabiri və başqa mütəfəkkirləri ilə sahib olub. Nə yaxşı ki, bu gün biz bu torpağın yetişdirdiyi ən böyük sənətkarlardan birinin - Sabirin doğum gününü qeyd edirik. Sabir təkcə Azərbaycanın deyil, bütün dünyanın şairidir. Sabir cəsarətli şair, xalqını sevən maarifçi idi”.
Azərbaycan ədəbiyyatını Türkiyədə geniş təbliğ edən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu tədbiri ədəbiyyat bayramı adlandırdı: “Sabirin doğum günündə iştirak etdiyimə görə çox şadam. Sabirin həyatı, onun şeiri hamımıza məlumdur. Sabirin qaldırdığı problemlər həm Azərbaycanda, həm Türkiyədə, həm də bütün islam ölkələrində aktual idi. Elə ona görə də maarifpərvər şairin yaradıcılığı bizim üçün önəmlidir. Sabir böyük türk ellərində şeir məktəbinə sahib oldu. Onun yaradıcılığı gələcəkdən xəbər verir, şairlik məktəbi yaşamaqdadır”.
Xalq şairi Sabir Rüstəmxanlı “Sabir poeziya günləri”nin təşkilatçılarına minnətdarlığını bildirdi. Sabirin Azərbaycan xalqı tərəfindən ən çox sevilən şairlərdən olduğunu qeyd edərək onun ədəbi fəaliyyətindən danışdı. Bildirdi ki, Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə satirik şeirlər yazan şairlər çox olsa da, əksərən bu tənqid konkret hədəflərə yönəlirdi. Sabir isə ilk dəfə sistemli olaraq satirik üslubda xalqın ümumi bəlalarından yazır, nadanlığı, cəhaləti bədii dillə tənqid edirdi.
Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli vurğuladı ki, Sabir Azərbaycan satirik poeziyasının parlaq simalarından biridir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” layihəsi çərçivəsində ədəbiyyat və mədəniyyətimizə böyük dühalar bəxş etmiş Şamaxı şəhəri 2015-ci il üçün “Azərbaycanın ədəbiyyat paytaxtı” elan olunub.
Daha sonra çıxış edən şair və yazıçılar Ənvər Əhməd, Oktay Rza, Ramiz Qusarçaylı, Ataol Bəhramoğlu və başqaları böyük Sabirə olan oxucu sevgisindən, onun ədəbiyyatımızdakı yerindən bəhs etdilər və yeni əsərlərindən nümunələr oxudular.
Tədbir Xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Firuz Səxavət, xanəndə Abgül Mirzəliyev və Şirvan aşıqlarının iştirakı ilə maraqlı konsert proqramı ilə davam etdi. Bütün ifalar tamaşaçıların alqışlarına səbəb oldu.
Fariz Hüseynov