Yaxın keçmişimizdə yaşayıb-yazmışlar haqda yazılmış kitabın təqdimatı

Mayın 4-də mətbuat aləmi, informasiya dünyası ilə bağlı törənlərin daimi məkanı Beynəlxalq Mətbuat Mərkəzində daha bir tədbir - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin “Mətbuat tarixi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının “Dahinin istəyi, qələmin qüdrəti” kitabının təqdimat mərasimi keçirildi.

Tədbir iştirakçılarını salamlayıb, giriş sözü söyləyən Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın ən vacib məziyyətlərini qısaca xülasə etdikdən sonra, bu yığıncağı 140 yaşı tamam olan milli mətbuatımızın şanlı sələflərilə çağdaş xələflərinin sayğı dolu görüşü kimi də dəyərləndirdi. Bildirdi ki, mətbuat tariximizin seçkin bir dövrü ilə paraleldə ustad mətbu-ictimai xadimlərimizin həyat və yaradıcılıq aləminə işıq tutan bu nəşrin təqdimat mərasimi “Kaspi” qəzeti və Mətbuat Şurasının birgə təşəbbüsü ilə keçirilir. Kitabda müəllifin son bir ildə əsasən «Kaspi» qəzetində dərc edilmiş 45 məqaləsi yer alıb: “Kitabda Azərbaycan jurnalistikasına yeni elmi baxış da diqqəti cəlb edir. Bu məqalələrdə Azərbaycan mətbuatına həm daxildən - müəllif “mən”indən, həm də kənardan baxa bilirsən. Kitabı vərəqlədikcə, Azərbaycan xalqının inkişafında milli mətbuatın rolunun kifayət qədər olduğunu bir daha görür və təsdiqləyirsən. Bir daha yəqin edirsən ki, böyük ictimai-siyasi xadimlərimizin qurduğu müstəqil Azərbaycan Xalq Cümhuriyyəti mənzərəsində mətbuatımız necə mühüm işlərə imza atıb! Bu kitabda ayrı-ayrı insanlar, Azərbaycan mətbuatı, bütövlükdə Azərbaycan tarixinin dahiləri barədə maraqlı məlumatlar yer alıb”.
Əflatun Amaşov Qərənfil Dünyaminqızının Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edildiyini bildirdi və alqışlar altında diplomu müəllifə təqdim etdi.
«Kaspi» qəzetinin təsisçisi, filologiya elmləri namizədi Sona Vəliyeva bildirdi ki, kitabın məhz bu gün təqdim olunması təsadüfi deyil: “Bir neçə gün öncə biz Respublika Gününü qeyd etdik. Ölkə Prezidenti cənab İlham Əliyev bizim yaxınlaşmaqda olan böyük bayramımız - milli mətbuatımızın 140 illiyi ilə əlaqədar sərəncam imzalayıb və güman edirəm bu yığıncağı həmin tədbirlərin ilki də adlandırmaq olar”.
S.Vəliyeva əlavə etdi ki, kitabının təqdimatına toplaşdığımız Q.Dünyaminqızı hər şeydən öncə maraqlı qələm sahibi olan jurnalistdir və həm də bu növbəti tədqiqatından gördüyünüz kimi, elmi təfəkkürə malik bir araşdırmaçıdır: “Artıq neçə illərdir “Kaspi” qəzetilə əməkdaşlıq edən Qərənfil xanım, gördüyünüz kimi, arxiv materialları əsasında gözəl bir kitab ərsəyə gətirib. Mən, bizim yaradıcı kollektivimiz onun yazılarını “Kaspi”də hər zaman gözləmişik. Bu nəşrə yalnız böyük tarixi-informativ məlumat mənbələrindən biri kimi deyil, mətbuat tariximizə böyük sevgilər ünvanı kimi də baxmaq gərəkdir. Milli tale tariximizin yaşadığı keşməkeşli hadisələr və tarixdə iz qoyanlar haqqında yazmaq, arxivlər araşdırıb işıqlandırmaq çox çətin, lakin həm də çox şərəfli işdir. Qələm iki cür yaza bilir; ya böyük sevgi, ya da böyük qərəzlə. Biz bu qələmdən yalnız böyük sevgilər hiss etmişik. Bu həm də onun şəxsi keyfiyyətlərindən irəli gəlir. Məsələn, bir gün Qərənfil xanımla söhbətimiz əsnasında soruşdu ki, Sona xanım, siz bilərsiz, Qulam Məmmədlinin arxivi kimə qaldı?.. Mən bu sualdan çox mütəəssir oldum; İlahi, şükür Sənə ki, çevrəmdə belə adamlar var! Yəni, bu xanım soruşmur ki, kimin mülkü kimə qaldı, deyir, əlyazmalar yatırı kimə qaldı! Mənsə, o vaxt hələ bunu bilmədiyimdən, dedim, kimə qaldısa, bəxtəvər onun başına!..”
BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov kitabın mətbuat tariximizi gənclərə tam aydın şəkildə çatdırdığını vurğuladı: “Bu gün mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Bəs təqdimatını keçirdiyimiz kitabın bəhs etdiyi dövrlərdə necə? Təəssüf ki, bu kitabda haqlarında mükəmməl cizgilərlə bəhs edilən o böyük qələm və fikir ustadları - sizlərin sələfləriniz çox məşəqqətlər yaşamalı olublar. Həsən bəy Zərdabi ilə başlayan “Əkinçi” indi necə qol-qanad açıb. “Əkinçi”... Bu addan da görünür ki, H.Zərdabi nə qədər ehtiyatlı, tədbirli qələm əhli, düşüncə sahibi imiş. İlk qəzetimizə belə bir “fağır” ad qoyub ki, “böyük qardaş”lar dillənə bilməsinlər. Ancaq o, bu ad altında dövrün nə qədər problemlərinə toxunub, milli şüura söykənən məqalələr dərc edib!”
Kitabın çox peşəkarlıqla işləndiyini xüsusi vurğulayan rektor sözünü: “Bu kitab bizim universitetin dərs vəsaiti olacaq” - fikrilə yekunlaşdırdı.
BDU-nun jurnalistika fakültəsinin dekanı Ş.Vəliyev, kafedra müdiri C.Məmmədli, “Yeni Azərbaycan” və “Şərq” qəzetlərinin baş redaktorları H.Babaoğlu, A.Aşırlı kitab haqqında fikirlərini bildirdilər.
Sonda kitabın müəllifi Q.Dünyaminqızı hər kəsə minnətdarlığını bildirdi: “Bu təkcə mənim yox, həm də “Kaspi”nin uğurudur. Mən bəzən bu məqalələrlə başqa qəzetlərə də müraciət etmiş, lakin “bu yazılarda adları çəkilənlərin nəvə-nəticələri var, bizi onlarla üz-üzə qoyma” kimi sözlər eşidib, etirazlarla qarşılaşmışam. Lakin bu yazıları “Kaspi”yə necə təqdim etmişəmsə, eləcə də dərc edilib...”

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar