Əcnəbi qonaqların “Bakı-2015” haqqında təəssüratları

Birinci Avropa Oyunları 2015-ci ilin təkcə qitə çərçivəsində deyil, dünya miqyasında ən böyük idman tədbiridir. Bu səbəbdən Oyunlarla bağlı paytaxtımıza təkcə “köhnə qitə”dən deyil, dünyanın dörd yanından KİV mənsubları, media və idman menecerləri qatılıb. Onlardan bir neçəsi ilə Bakı Su İdmanı Sarayında sinxron üzgüçülərin yarışı gedişində həmsöhbət olduq.

Media meneceri (Press-operator) Gery Kemper ABŞ-ın Kaliforniya ştatındandır. Artıq 11 aydır ki, Bakı Avropa Oyunları Əməliyyat Komitəsində çalışır. Həmsöhbətim öncə Bakıda təşkil olunan Avropa Oyunlarının ən yüksək standartlara uyğun olduğunu dilə gətirdi: “Oyunların proqramına çoxçeşidli yarışlar daxildir. Bakıda, eləcə də Mingəçevirdə Avropa Oyunlarının keçirildiyi idman obyektlərinin hər biri müasir dünya standartlarına uyğun səviyyədə qurulub. Oyunların keçirildiyi məkanlar, təşkilatçılıq yaxşı qurulmaqla yanaşı, eyni zamanda bu sahədə çalışan insanlar da düzgün seçilib. Sevindirici haldır ki, Azərbaycanda beynəlxalq səviyyədə işini bilən bacarıqlı insanlar çoxdur”.
Menecer müəyyən çətinliklərin olduğunu da istisna etmədi: “Yerli könüllülərin bəzisi ingilis dilini o qədər də yaxşı bilmirlər. Bu da başa düşüləndir. Azərbaycan uzun illər SSRİ-nin tərkibində olmuş və müstəqilliyini yeni qazanan gənc respublikadır. Belə kiçik problemlər də zamanla həllini tapacaq”.
Avropa Oyunlarının açılış mərasiminə də toxunan G.Kemper onun yüksək səviyyədə və unikal bir mərasim olduğunu vurğuladı: “Gözlərimiz önündə fantaziya canlanırdı. Bu, çox heyrətamiz tədbir idi. Səhnədə nümayiş etdirilən xalça, böyük Azərbaycan şairi Nizaminin əsərləri çox maraqlı idi. Oyunların simvolu olan nar dənələrinin ətrafa yayılması isə əsrarəngiz mənzərə yaratmışdı. Deyərdim ki, açılış mərasimində nümayiş etdirilən bu şoular həm də Azərbaycan üçün unikal idi və mənim xoşuma gəldi”.
Serbiyadan olan media meneceri Duşan Jivkoviç də ötən ilin avqust ayından Bakıda çalışır. O, Bakıda işləməklə yanaşı, həm də şəhərimizin gözəlliyindən zövq aldığını bildirdi: “Bakı öz maraqlı, müasir və tarixi memarlığı ilə birlikdə çox gözəl şəhərdir. İnsanları olduqca qonaqpərvər və istiqanlıdır. Oyunlara hazırlıq çox yaxşı gedirdi. Adətən başqa ölkələr belə tədbirlərə 7-8 ilə hazırlaşırlar. Azərbaycan isə qısa müddətə, iki il yarıma bunun öhdəsindən gələ bildi. Dövlət başçısı İlham Əliyevin dəstəyi və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi qısa müddətə təşkilatçılıq işlərini qura bildi. Bu, Bakı üçün ən böyük nailiyyətlərdən biridir”.
Həmsöhbətim açılış mərasimini Olimpiya Oyunları səviyyəsində olduğunu vurğulayır: “Mən Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmişdim və Bakıdakı mərasim Olimpiya Oyunları səviyyəsində idi. Mərasimdəki şoular xüsusilə unikal idi. Bu, Azərbaycan mədəniyyətini ən müxtəlif aspektlərdən göstərirdi. Musiqi, rəqs, xalça, od, Qobustan və digərləri olduqca təsirləndirici idi”.
Media meneceri Bakıdakı idman məkanlarının Avropa standartlarına uyğun səviyyədə qurulduğunu, eyni zamanda yerli və xarici media nümayəndələrinin rahat işləmələri üçün gözəl imkanların yaradıldığını qeyd etdi: “Düşünürəm ki, Oyunlar zamanı media əlaqələrində heç bir çətinlik yaşanmayacaq. Sürətli internet vasitəsilə informasiyalar bütün dünyaya yayılacaq. İşlərimizin uğurla qurulmasında Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun dəstəyini xüsusi qeyd etmək istərdim. Ümumiyyətlə, bu layihənin yerinə yetirilməsi heç də asan deyil. Amma mən inanıram ki, gənc Azərbaycan bunun öhdəsindən uğurla gələcək. Düşünürəm ki, ölkəniz artıq bunu açılış mərasimi ilə sübut etdi. Bu, Azərbaycan üçün ilk və çox uğurlu təcrübədir”.
Su polosu üzrə idman meneceri Nikola Yovanoviç isə hesab edir ki, Azərbaycan idmançıları xüsusilə gimnastika, cüdo, güləş, karate, taekvando sahəsində çox güclüdürlər: “Onların çox gözəl perspektivi var. Dövlətinizin idmana və idmançılara göstərdiyi xüsusi diqqət bütün dünyaya bəllidir. Açılış mərasimi çox mükəmməl idi. Bunu dünyanın çox yerində televiziya, internet vasitəsilə gördülər. Hər kəs bu açılış şousu qarşısında heyrətə gəlmişdi”.
Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayan idmançı şəhərimizlə bağlı xoş təəssüratları olduğunu vurğuladı: “Burada xeyli dost qazanmışam və ölkənizi tərk etdikdən sonra onlar üçün darıxacağam”.
Yaponiyalı jurnalist Maşahiro Kadagiri Tokioda fəaliyyət göstərən TBS televiziya kanalında idman müxbiri kimi fəaliyyət göstərir. Artıq ölkəsinə ilk süjetləri çəkib göndərdiyini bildirir: “Açığını deyim ki, ilk dəfə keçirilən Avropa Oyunlarının belə möhtəşəm olacağını gözləmirdim. Burada rəngarəng lazer şousu, professional rəqs və sirk qruplarının çıxışları, milli Azərbaycan üslubunda geyimlərlə nümayiş olunan səhnəciklər, minlərlə hava şarı, hətta gün tutulmasını da görmək mümkün idi. Çalışdığım televiziyadan da həmkarlarım mənimlə həmfikirdir. Onlar hamısı açılış mərasimindən təsirləndiklərini bildirirlər. Bu, çox heyrətamiz idi”. Yaponiyalı jurnalist eyni zamanda Bakıda Avropa Oyunlarını işıqlandıran əcnəbi mediaya çox gözəl şərait yaradıldığını dilə gətirdi: “Hər bir şey yüksək səviyyədə qurulub. Sürətli internet sayəsində xəbərləri ölkələrimizə göndərir, müntəzəm əlaqə saxlayırıq. Hər hansı kiçik problem yaranarsa, o çox tez bir zamanda həll olunur. Demək istəyirəm ki, təşkilatçılıq, yaradılan şərait ürəyimizcədir”.

Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar