Paytaxtımızda milli geyimlərimizi təbliğ edən kütləvi tədbir keçirildi

Bakıda keçirilən I Avropa Oyunları ölkəmizin dünyaya daha geniş miqyasda tanıdılması ilə yanaşı, Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini, milli mətbəxini, adət-ənənələrimizi təbliğ etmək üçün münasib imkandır.

Bu səbəbdən də paytaxtın müxtəlif muzey və qalereyalarında, tarixi məkanlarında, mərkəzi meydanlarında sərgilər təşkil olunur, qonaqlara buklet və kitabçalar, tanıtım nəşrləri paylanılır.
Mədəniyyət və Turizm Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində milli geyimlərimizlə bağlı həyata keçirilən layihələr də I Avropa Oyunlarına əlamətdar töhfədir. Bu layihələrdən biri iyunun 18-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdi.
“Milli geyimlərimizin dünəni və bu günü” adlı layihənin əsas məqsədi “Bakı-2015” I Avropa Oyunları ərəfəsində xarici ölkələrdən gəlmiş idmançı və turistlərə Azərbaycanın zəngin mədəniyyətinin bir parçası olan milli geyimlərimizi və milli rəqslərimizi əyani olaraq nümayiş etdirmək və bu barədə dolğun məlumat verməkdir.
Paytaxtın “Azneft” meydanından başlayan tədbirə şəhər sakinləri, xarici turistlər də qatılaraq, milli geyimli oğlan və qızların rəqslərini izlədilər. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və “Rasimlər” folklor qrupunun iştirakı ilə təqdim olunan rəqs kompozisiyaları böyük maraqla qarşılandı. Milli rəqs nümunələrinə şəhər sakinləri və turistlər də biganə qalmayaraq, rəqqaslara qoşuldular. “Yallı” rəqsinin sədaları altında əl-ələ verən iştirakçılar əsl bayram əhvalı yaratdılar. Daha sonra “Sarı gəlin” xalq mahnısı və başqa musiqilər ifa olundu.

Tədbir “Azneft” meydanından “Fəvvarələr” meydanına qədər milli geyimli gənclərin yürüşü ilə davam etdi. Burada milli musiqilərimizdən ibarət konsert proqramı təqdim olundu.
Tədbir çərçivəsində turistlərə və şəhər sakinlərinə Azərbaycan bayrağı, ölkəmiz haqqında buklet və kitabçalar, eyni zamanda mədəniyyət və tariximizi özündə əks etdirən müxtəlif suvenirlər paylanıldı.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin qrant müsabiqəsi çərçivəsində iyunun 4-də və 9-da I Avropa Oyunları münasibətilə milli geyimlərimizdən bəhs edən “Əsrlərin yaddaşı” adlı promovideonun təqdimatı və “Azərbaycan milli geyimləri” adlı sərgi keçirilib.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar