“İki ildən sonra Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirəcək”

İyunun 22-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib. Diplomatları salamlayan dövlət başçısı Ramazan ayında bu cür görüşlərin ənənəvi xarakter daşıdığını vurğulayıb.

Azərbaycanın müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişaf etdiyini bildirən Prezident ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəklədiyini diqqətə çatdırıb: “Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz daha da inkişaf edir. Biz də təşkilatın fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək. Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə dəstək verməlidir. Ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Bu dəstəyə görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm”.
Prezident qeyd edib ki, Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır, qədim məscidlərimiz əsaslı şəkildə təmir-bərpa olunur: “Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilmişdir. O, bir memarlıq əsəridir. Dünyanın ən yeni məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni, bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir.
Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək. İki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, bu Oyunlar bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirəcək”.
İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak çıxış edərək qəbula görə təşəkkürünü bildirib, müqəddəs Ramazan ayının Azərbaycana və bütün İslam dünyası ölkələrinə sülh, firavanlıq və inkişaf gətirməsini arzu edib. Diplomat Bakıda keçirilən birinci Avropa Oyunları və iki ildən sonra Azərbaycanın ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunları münasibətilə dövlət başçısına təbriklərini çatdırıb: “Bu möhtəşəm Oyunlara ev sahibliyi etməklə Azərbaycan dünyaya özünü sülhsevər ölkə kimi təqdim etdi. Biz Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsini səbirsizliklə gözləyirik. Bu Oyunlara ev sahibliyi etməklə Azərbaycan bir daha özünü Şərq ilə Qərb arasında körpü kimi təqdim etdi. Azərbaycan, həmçinin özünü Şərq ilə Qərbin sevgi və sülh körpüsü, tolerantlıq nümunəsi kimi təqdim etdi. İnşallah, hər zaman haqq-ədalət Azərbaycanın tərəfində olacaq”.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar