Milli mətbuatın 140 illik yubileyi münasibətilə konfrans keçirildi

İyulun 10-da Milli Kitabxanada “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirildi. Konfrans dövlət başçısının “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə Milli Kitabxanada Azərbaycan mətbuatının 140 illiyi münasibətilə təşkil edilən sərgi ilə tanış oldular. Sərgidə mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzeti, eləcə də “Ziya”, “Kəşkül”, “Kaspi”, “Molla Nəsrəddin”, “İqbal”, “Açıq söz”, “Həyat”, “Nicat” və s. nəşrlərin nüsxələri, milli mətbuatın yaranmasında əvəzsiz xidmətləri olan H.Zərdabi, F.Köçərli, M.F.Axundzadə, N.Vəzirov, M.Ə.Sabir, Ü.Hacıbəyli, C.Məmmədquluzadə və başqalarının həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olunurdu.

Milli mətbuat dəyərlərimizin yaşadılmasına böyük töhfələr verib

Konfransı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ölkəmizin hər yerində milli mətbuatımızın 140 illik yubileyinin silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mətbuatı xalqımızın milli şüurunun oyanmasında, milli birliyin, mədəniyyətin və maarifçilik ideyalarının inkişafında müstəsna rol oynayıb: “1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin rəhbərliyi ilə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı bütün dövrlərdə xalqımızın problemlərinə işıq tutaraq təhsilin, mədəniyyətin yüksəlişi yolunda çarpışmışdır. “Əkinçi” qəzetinin nəşrə başlaması Azərbaycan tarixində qeyd olunan ən əlamətdar hadisələrdən biridir. Çünki XIX əsrin sonu - XX əsrin əvvəllərində mövcud olmuş digər mətbuat orqanlarımız xalqımızın gələcək inkişafı, onun müqəddəratının həll olunması yolunda böyük işlər gördülər”.
Nazir qeyd etdi ki, “Əkinçi” qəzetinin nəşrə başlaması 1873-cü ildə peşəkar milli teatrımızın yaranması, 1908-ci ildə Üzeyir bəy tərəfindən müsəlman Şərqində ilk operanın yazılması, 1918-ci ildə Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması kimi tarixi hadisələrlə bir sırada dayanır. Azərbaycan mətbuatı xalqın maarifləndirilməsi, mədəni tərəqqisi ilə yanaşı, milli mənəvi dəyərlərimizin qorunmasına, yaşadılmasına da böyük töhfələr verib. Bu gün də mənəvi dəyərlərimiz, milli irsimiz medianın diqqət mərkəzindədir.
Mətbuatın müasir inkişafından bəhs edən nazir bildirdi ki, Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Mətbuatımızın inkişafında xidmətləri olan insanların yubileyləri keçirilir, kitabları nəşr olunur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir, ölkə əhalisi tam sərbəst şəkildə internetə çıxış imkanına malikdir.
Əbülfəs Qarayev ölkəmizin kütləvi informasiya vasitələrinin mədəniyyət və turizm sahəsinə böyük diqqət ayırdığını vurğuladı. Aparılan monitorinqə əsasən, iyun ayı ərzində televiziya kanallarında Azərbaycan mədəniyyəti və turizmi mövzusunda 1309 informasiya və digər materialların yayımlandığını, 80 nəşrdə 4515, 316 saytda isə 17575 xəbər, məqalə və digər janrda yazıların işıq üzü gördüyünü diqqətə çatdırdı: “Bu statistika ictimaiyyətin bu mövzulara nə qədər böyük marağı olduğundan xəbər verir”. Ümumiyyətlə, 2015-ci ilin altı ay ərzində mədəniyyət sahəsi üzrə informasiya saytlarında 76069, televiziya kanallarında 13761, qəzetlərdə 18916 material yayılıb. Turizm üzrə saytlarda 34741, telekanallarda 1841, qəzetlərdə isə 7879 dəfə məlumat verilib. Nazirliyin rəsmi saytında yanvar-iyun ayları ərzində 800-dən çox xəbər yerləşdirilib.
Nazir mətbuatın mədəniyyət və turizm sahəsinə göstərdiyi diqqətə görə tədbirdə iştirak edən bütün jurnalistlərə təşəkkürünü bildirdi, onları qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, media mənsubları hər zaman milli mənəvi dəyərləri qorumağa, haqq işimizin təbliği naminə birlikdə mübarizə aparmağa səsləməlidir.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev milli mətbuatımızın keçdiyi inkişaf yoluna nəzər saldı. Bildirdi ki, Azərbaycan mətbuatı “Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət-ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və bu gün də bu missiya davam edir.
Qeyd olundu ki, müasir dünyanı qlobal informasiya məkanı birləşdirir. Qloballaşma dalğası özü ilə həm müsbət, həm də mənfi dəyərləri gətirir. Müsbəti mənfidən fərqləndirmək, milli dəyərlərin aşınmasına yol verməmək bu gün həmişəkindən daha aktualdır: “Mətbuat xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, müasir müstəqil ölkəmizin son illərdə əldə etdiyi uğurları daha geniş coğrafiyada təbliğ və təşviq etməlidir. Bu gün biz müharibə şəraitində yaşayırıq. Belə şəraitdə həmrəyliyimizin, tolerantlığımızın daha möhkəm olmasına, gənclərin milli ruhda böyüməsinə xüsusi diqqət yetirməliyik”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın yubileylərinin keçirilməsini ölkə rəhbərliyinin jurnalistlərə böyük diqqəti kimi dəyərləndirdi. Vurğuladı ki, Azərbaycanda milli mətbuatın yubileylərinin təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilib. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi müvafiq fərmanla qoyulub.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurum tərəfindən həyata keçirilən layihələrdən söz açdı. Bildirdi ki, Fondun hər il elan etdiyi müsabiqələrin istiqamətləri arasında tarixi-mədəni irs, azərbaycançılıq, mənəvi dəyərlər xüsusi yer tutur və bu mövzular mətbuatda geniş işıqlandırılır.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu mövzu ilə bağlı məruzələrlə çıxış etdilər.

Milli rəqslərimizlə bağlı müsabiqənin nəticələri elan olundu

Konfrans çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi oldu.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mövzunun aktuallığına diqqət çəkərək jurnalistlərin müsabiqədə aktiv iştirak etməsinin təqdirəlayiq hal olduğunu vurğuladı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verdi ki, mayın 15-dən iyunun 19-dək davam edən müsabiqəyə 30 yazı təqdim olunub. Yazıların qiymətləndirilməsi nəticəsində bir nəfər 1-ci, iki nəfər 2-ci, üç müəllif 3-cü yerə, beş nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Sonra nəticələr açıqlandı: I yer - Təranə Məhərrəmova ("Kaspi" qəzeti); II yer - Cəvahir Qafarova ("Publika.az" saytı) və Ülviyyə Məmmədova ("Gün.az" saytı); III yer - Tahir Abbaslı ("Mədəniyyət" qəzeti), İttifaq Qaçayev ("Xalq qəzeti") və Rüfət Sultan ("Mövqe" qəzeti); həvəsləndirici mükafat - Qvami Rəsulov ("Zaman Azərbaycan" qəzeti), Aynurə Məmmədova ("Ekspress" qəzeti), İlhamə Xankişiyeva ("Gündəlik teleqraf" qəzeti), Seymur Əliyev ("Moderator.az" saytı) və Səidə Hüseynova ("Media və təhsil innovasiyaları" jurnalı).
Fərqlənənlərə Mədəniyyət və Turizm Nazirliyi və Mətbuat Şurasının diplomları və pul mükafatları (I yer üçün 1000 manat, II yer üçün 700 manat, III yer üçün 500 manat və həvəsləndirici mükafat - 300 manat) təqdim olundu.

Nazirlik mətbuat nümayəndələrini mükafatlandırdı

Tədbir çərçivəsində ölkəmizin mədəni həyatının, turizm sektorunun fəaliyyətinin işıqlandırılmasında yaxından iştirak edən kütləvi informasiya vasitələrinin əməkdaşlarını Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırdı. Nazirliyin mətbuatla əməkdaşlığa hər zaman mühüm önəm verdiyini vurğulayan Əbülfəs Qarayev milli mədəniyyətimizin, zəngin incəsənətimizin, ölkəmizin turizm imkanlarının təbliğində, dünyaya tanıdılmasında medianın müstəsna rolunu qeyd etdi, bu sahədə aktiv fəaliyyət göstərən jurnalistlərə təşəkkürünü bildirdi.
Sonra Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə və milli mətbuatımızın 140 illik yubileyi münasibətilə təltif olunan 15 kütləvi informasiya vasitəsinin əməkdaşına fəxri fərman və mükafatları təqdim etdi. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Fariz Yunisli də var. Nazir media mənsublarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar