Festivalda 11 ölkədən, eləcə də Azərbaycanın 21 şəhər və rayonundan şirniyyatçılar iştirak ediblər

İyulun 20-də Şəki şəhərindəki Olimpiya İdman Kompleksində ikinci beynəlxalq şirniyyat festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda 11 ölkədən - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın 21 şəhər və rayonundan şirniyyatçılar iştirak edib. Kompleksin həyətində düzənlənən sərgilərdə qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat nümunələri nümayiş etdirilib.
Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək beynəlxalq şirniyyat festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Bildirilib ki, böyük inkişaf yolu keçən Şəki xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi zəngin təcrübə, vərdiş, bilik və bacarıqlar bu günümüzə qədər gəlib çatıb. Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidi ilə fərqlənir. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki özünün paxlavası, halvası, noğulu və digər dadlı şirniyyatları ilə tanınır.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasına nail olmaqdır. Vurğulanıb ki, bu festival təkcə Şəkinin deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayacaq.
Mərasimdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, iştirakçı ölkələrin təmsilçiləri çıxış edərək belə festivalların xalqlar arasında dostluğu, sülhü təbliğ etdiyini xüsusi vurğulayıblar.
Sonra tədbir iştirakçıları festivala qatılan qənnadıçıların şirniyyat məhsulları ilə tanış olublar. İştirakçı ölkələrin milli mətbəxlərinə aid nümunələr, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları paxlava, fəsəli, qatlama, noğul və müxtəlif halvalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və geniş çeşiddə digər milli şirniyyat nümunələrini təqdim ediblər.
Korkunov adına “Moskva şokolad məktəbi”nin rəhbəri Yelena Suçkovanın sədrlik etdiyi 23 nəfərdən ibarət münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutublar. Şəki və Zaqatala qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər.
Xarici ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxıblar. İkinci yeri Serbiya və Rusiya təmsilçiləri, üçüncü yeri isə Moldova, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin qənnadıçıları tutublar.
Şirniyyat sexləri arasında isə Şəkinin “Ələhməd şirniyyat evi” birinci yerə layiq görülüb.
Bundan əlavə, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunub.
Mərkəzin direktoru Tahir Əmiraslanov vurğulayıb ki, Şəki gələcəkdə dünyanın şirniyyat mərkəzlərindən birinə çevriləcək: “Festivalın münsiflər heyətində xarici ölkələrdən məşhur insanların təmsil olunması onu göstərir ki, Şəki gələcəkdə nəinki Azərbaycanın, eləcə də dünyanın şirniyyat mərkəzinə çevriləcək.
Yaxın illərdə Şəkidə tapılan və 3700 il yaşı olan samovara abidə qoyulması planlaşdırılır. Bundan əlavə, Şəkidə milli şirniyyat muzeyinin yaradılması ilə bağlı layihə də hazırlanır. Əminəm ki, 3-4 ildən sonra Şəki rəsmi olaraq dünyanın şirniyyat paytaxtı adını əldə edəcək”.
Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Beləliklə, qədim Şəkidə daha bir beynəlxalq festival uğurla başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar