İtaliyanın Milan şəhərində beynəlxalq konfrans keçirilib

31 iyul - 1 avqust tarixlərində İtaliyanın Milan şəhərində "Expo-2015" ümumdünya sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Açılışdan əvvəl İtaliyanın məşhur “Fondazione Prada” qalereyasında qonaqlar üçün gəzinti təşkil edilib və təqdimatlar keçirilib.
Açılış mərasimində İtaliyanın Baş naziri Matteo Renzi, UNESCO-nun baş direktoru İrina Bokova, İtaliyanın mədəni irs, mədəni fəaliyyət və turizm naziri Dario Francesçini, 70-dən çox ölkəni təmsil edən mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak ediblər.
“Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədir” mövzusunda keçirilən konfransın iştirakçıları ölkələri sülhə, əmin-amanlığa, qlobal dünyada mədəniyyət vasitəsilə qalib gəlməyə çağırıblar. Nazir Dario Francesçini konfransın əhəmiyyətindən bəhs edib.
UNESCO-nun baş direktoru İrina Bokova bildirib ki, dünyada sülhün qorunması baxımından belə tədbirlərin davamlı olaraq keçirilməsinə ehtiyac var.
Ayrı-ayrı ölkələrin nazirlərinin çıxışları ilə davam edən konfransda mədəniyyətin müxtəlif aspektləri üzrə məsələlərə toxunulub.

Problemlərin aradan qaldırılmasında mədəniyyətin mühüm rolu var

Konfransda çıxış edən nazir Əbülfəs Qarayev dünyada ölkələr və xalqlar arasında yeni dəyərlərin, mövcud problemlərin həll yollarının axtarılmasında mədəniyyətin mühüm rol oynadığını deyib. Azərbaycanda multikulturalizm ənənələrinin uzunmüddətli ənənələrə söykəndiyini vurğulayan nazir bu il Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının müxtəlif qitələrdən olan mədəni və dini müxtəliflikləri bir araya gətirdiyini diqqətə çatdırıb.
“Milan Expo-2015” sərgisində yer alan Azərbaycan pavilyonundan bəhs edən Əbülfəs Qarayev bildirib ki, üç müxtəlif biosferi özündə birləşdirən bu pavilyona daxil olan zaman ziyarətçilər müxtəlif mədəniyyətlərin yanaşma təcrübəsini bir daha görürlər.
Sonda nazir konfrans iştirakçılarını 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna dəvət edib.

İşgüzar görüşlər, müzakirələr

Beynəlxalq konfrans çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra görüşlər keçirib.
Avqustun 1-də Əbülfəs Qarayevin İtaliya Respublikasının mədəni irs, mədəni fəaliyyət və turizm naziri Dario Francesçini ilə görüşü zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Əbülfəs Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb və 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib və həmkarını bu tədbirə dəvət edib.
Həmin gün nazir Əbülfəs Qarayev UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.
Görüşdə Azərbaycan-UNESCO münasibətlərinin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu əməkdaşlığa verdiyi töhfələrin və dəstəyin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.
Konfrans çərçivəsində bir sıra ölkələrin mədəniyyət nazirləri ilə də görüşlər keçirilib. Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, Qətərin mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Bəhreynin mədəniyyət naziri Şaikha Mai Əl Xəlifə, Omanın mədəniyyət naziri Haitham Tarik Taimoor Əl Said, Türkmənistanın mədəniyyət naziri Annageldi Qarajayev, Albaniyanın mədəniyyət naziri Mirela Kumbaro Furxi və Belorus mədəniyyət nazirinin müavini İrina Driga ilə görüşlər zamanı fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşlər zamanı Əbülfəs Qarayev gələn il Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verərək həmkarlarını tədbirə dəvət edib.

* * *
Avqustun 1-də beynəlxalq konfransa yekun vurulub. İki gün davam edən tədbirdə 30-dan çox ölkənin nazirləri çıxış edərək mövzu üzrə maraqlı fikirlər səsləndiriblər.
Konfransda yekun nitqi söyləyən İtaliyanın mədəni irs, mədəni fəaliyyət və turizm naziri Dario Francesçini iştirakçılara təşəkkürünü bildirib və UNESCO-nun baş direktoru İrina Bokovadan tədbirin davamlı keçirilməsi baxımından dəstək verilməsini xahiş edib. Nazir bildirib ki, konfransın “Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədir" devizi səslənən çıxışlarda da öz təsdiqini tapıb.
Qeyd edək ki, tədbir çərçivəsində mədəni proqramlar da təşkil edilib. Tədbirin birinci günü İtaliyanın “Fondazione Prada” qalereyasında sərgilərə baxış keçirilib, dünyanın məşhur opera teatrı La Skalada tanınmış italyan bəstəkarı Gioachino Rossininin “Sevilya bərbəri” tamaşası göstərilib. Tədbirin ikinci günü Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” (“Last Supper”) əsərinin saxlandığı Santa Maria Della Qrasia monastırına tur təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar