Məlumat verildiyi kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 31 iyul - 1 avqust tarixlərində İtaliyanın Milan şəhərində “Expo-2015” sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransa qatılıb.

Səfər zamanı nazir “Milan Expo-2015” ümumdünya sərgisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin ilk dəfə təmsil olunduğu Azərbaycan milli pavilyonunu ziyarət edib.
"Azərbaycan: biomüxtəlifliyin xəzinəsi" adlanan dördmərtəbəli milli pavilyonla tanış olan Əbülfəs Qarayev ölkəmizin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyinin təcəssümü baxımından pavilyonun işini yüksək qiymətləndirib. Qeyd olunub ki, bu kimi sərgilər mədəniyyətimizin təbliğ edilməsi, ölkəmizə turistlərin cəlb olunması istiqamətində aparılan ən uğurlu işlərdəndir.
Milli pavilyonumuzun əsas özəlliyini üç biosfer təşkil edir. “Mədəniyyətlərin kəsişməsi” biosferi ziyarətçiləri ölkənin ən mühüm tarixi və mədəni məkanlarına səyahətə aparır. İkinci biosfer - “Biomüxtəliflik” ölkənin təbii biomüxtəlifliyinə və mədəni irsinə həsr olunub. Bu biosferin mərkəzindəki konstruksiya Azərbaycanın zənginlik rəmzi olan nar ağacını təcəssüm etdirir. Növbəti biosfer “İnnovasiya və ənənə” adlanır. Burada kökləri səmaya istiqamətlənmiş ağac fiquru var. Bu, rəmzi olaraq Azərbaycan xalqının ənənəyə sadiqliyini, eyni zamanda gələcəyə yönələn innovativ ölkə olduğunu göstərir.
Pavilyonun "Səslər simfoniyası" adlanan birinci mərtəbəsində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası; ikinci mərtəbədə ("Rənglər simfoniyası") iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar; üçüncü mərtəbədə ("Dadlar simfoniyası") isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunur. Dördüncü mərtəbədə milli mətbəximizin nümunələrini təqdim edən restoran fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda öz əksini tapıb. Burada qurulan monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif videomateriallar nümayiş etdirilir.
Nazir pavilyonun fəaliyyətindən məmnunluğunu ifadə edərək, sərginin işinə uğurlar arzulayıb.
“Milan Expo-2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (“Feeding the Planet, Energy for Life”) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələr isə sərgidə yalnız stendlərlə iştirak edir. Sərgi oktyabrın 31-dək davam edəcək. Onu da qeyd edək ki, sərgi başa çatdıqdan sonra milli pavilyonun Azərbaycana gətirilərək, Bakının ən gözəl guşələrdən birində quraşdırılması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar