Konfransda görkəmli şərqşünas alimin elmi fəaliyyətinə nəzər salındı
Avqustun 6-da Beynəlxalq Mətbuat Mərkəzində “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası” mövzusunda konfrans keçirildi. Etatist.com internet qəzeti və Milli Fikir Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı.
Sonra görkəmli şərqşünas alim, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.
Konfransı giriş sözü ilə açan Əməkdar jurnalist Azər Həsrət Aida İmanquliyevanın yaradıcılığında Şərq-Qərb əlaqələrinin təhlili, Qərbin islam dininə qarşı münasibətlərinə xüsusi yer verdiyini bildirdi. Son dövrlər Qərb ölkələrində islamın terror dini kimi təqdim edilməsindən təəssüf hissi keçirdiyini dilə gətirdi.
Milli Fikir Mərkəzi gənclər təşkilatının rəhbəri Şəhriyar Məcidzadə “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası” mövzusunda məruzə ilə çıxış etdi. Görkəmli alimin həyat və fəaliyyətindən geniş danışan məruzəçi bildirdi ki, üç monoqrafiya - “Mixail Nuaymə”, “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” əsərləri və 70-dən çox elmi məqalələrində ərəb ədəbiyyatına güzgü tutulur.
Qeyd olundu ki, islam mədəniyyətinin modernləşməsinin başlıca şərti ədəbiyyatdır: “Həm Şərqin, həm də Qərbin dini dünyagörüşünün əsasında sevgi var. Şərq və Qərb arasındakı anlamsız ayrılığı duyan, eyni zamanda Şərq və Qərb ədəbiyyatının əlaqəsi nəticəsində bəşəri anlam qazanacağını araşdırmalarında müəyyən edən ilk alim Aida İmanquliyevadır. O, araşdırmaları ilə sübut etdi ki, Şərqin Qərblə ilk körpüsü ədəbiyyatdır. Qərb intibah dövrünə məhz ədəbiyyatla başladı”.
Konfrans daha sonra müzakirələrlə davam etdi.
Fariz Hüseynov