Beynəlxalq Türk Xəbər Kanalının yaradılması, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin milli televiziya kanalları və milli xəbər agentlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Avqustun 18-də Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin birinci görüşü keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Heyətə AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev daxildirlər.
TDƏŞ-in baş katibi Ramil Həsənovun sədrliyi ilə keçirilən tədbirdə Türkiyə Radio və Televiziya Korporasiyasının (TRT) baş direktoru Şenol Göka, Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov iştirak ediblər. Toplantıda Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatı dinlənilib, kanalın yaradılması ilə bağlı konsepsiya sənədi, informasiya və media üzrə, TDƏŞ-in milli televiziya kanalları arasında əməkdaşlıq protokolları, Türk Şurasının Xəbər Agentlikləri arasında əməkdaşlığa dair anlaşma memorandumu və media sahəsində əməkdaşlığın digər aspektləri müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlu birlik modeli kimi özünü təsdiq etdiyini vurğulayıb: “Bu təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və regional geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq və adekvat addımlar atmaq üçün olduqca vacib platformadır. Müasir dövrdə beynəlxalq aləmdə və regionumuzda sabitliyə zərbə vuran bəzi mənfi proseslərin həm də türk dünyasında asayişə, sülh və əmin-amanlığa təhlükə yaratması bizi narahat etməyə bilməz. Hazırda anti-türk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər. Xüsusən 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu cür beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiyadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut edib”.
Azərbaycan Prezidentinin köməkçisi digər türkdilli ölkələrin də eyni münasibətlə qarşılaşdığını diqqətə çatdırıb: “Türkiyəyə qarşı dünya mediasında zaman-zaman aparılan çirkin kampaniya bunun bariz sübutudur. Bu gün qondarma və saxta soyqırımı iddiaları ilə Türkiyənin üzərinə hücuma keçən beynəlxalq media qurumları 1992-ci ildə Azərbaycanda ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı mövzusunda susur. Alternativ media resurslarının az olması isə bizim əks-tezislərlə çıxış etmək imkanımızı məhdudlaşdırır. Eyni mənzərəni türk dünyasının tərkib hissəsi olan Qazaxıstan, Qırğızıstan və digər qardaş ölkələrlə bağlı müəyyən hadisələrin dünya ictimaiyyətinə təqdim edilmə formasında da müşahidə edirik. Bu faktlar türkdilli dövlətlər arasında həmrəyliyin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, qlobal informasiya şəbəkəsinə obyektiv məlumatların ötürülməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir. Bu baxımdan bu gün imzalanması nəzərdə tutulan türkdilli dövlətlərin milli televiziya kanalları arasında əməkdaşlıq protokolu və informasiya agentlikləri arasında anlaşma memorandumu mühüm əhəmiyyət kəsb edir”.
Qeyd olunub ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü türk dünyasının mərkəzləşmiş xəbər siyasətinin də formalaşmasına önəmli töhfə verə bilər. Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr - Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) və “TRT Avaz” kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması Türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaq. Kanal ölkələrin daxili işlərinə hörmətlə yanaşacaq, xüsusən bizim qonşularımızın, o cümlədən Rusiyanın, İranın, MDB-nin digər üzv ölkələrinin həyatında baş verən hadisələri obyektiv və konstruktiv şəkildə təqdim edəcək, öz fəaliyyəti ilə region ölkələri arasındakı əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə çalışacaq.
Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsakeşev, Türkiyənin TRT Korporasiyasının baş direktoru Şenol Göka, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov çıxış edərək birgə türk kanalının yaradılması, milli informasiya xəbər agentlikləri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində atılan addımların əhəmiyyətindən danışıblar.
Sonra sənədlərin imzalanma mərasimi olub.
Əvvəlcə İnformasiya və Media üzrə Birgə Əməkdaşlıq Protokolu imzalanıb. Protokola əsasən ortaq Beynəlxalq Türk Xəbər Kanalının yaradılması nəzərdə tutulub.
Həmçinin TDƏŞ ölkələri milli televiziya kanalları (İTV - Azərbaycan, KAZTRK və KHABAR - Qazaxıstan, KTRK - Qırğızıstan, TRT - Türkiyə) arasında əməkdaşlıq protokolu və TDƏŞ ölkələri milli xəbər agentlikləri (AZƏRTAC - Azərbaycan, KAZİNFORM və KAZCONTENT - Qazaxıstan, KABAR - Qırğızıstan, Anadolu Agentliyi - Türkiyə) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sonda TDƏŞ ölkələri informasiya və media məsələləri üzrə nazirlərinin ikinci görüşünün 2016-cı ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar