Ölkəmiz Vaşinqtonda beynəlxalq konfransda təmsil olunub

Şərq Xalçaları üzrə Beynəlxalq Təşkilat (ICOC) Vaşinqtonun Tekstil Muzeyində “XXI əsrdə xalçaların öyrənilməsi və toplanması” mövzusunda 13-cü beynəlxalq konfrans keçirib. Tədbirdə ölkəmizi Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva və direktorun xalçaların konservasiyası üzrə müavini Yalçın Səlimov təmsil ediblər.

Konfransda Röya Tağıyeva “Azərbaycan Xalça Muzeyi - ənənə və müasir baxış” mövzusunda məruzə ilə çıxış edərək konfrans iştirakçılarına 2014-cü ilin avqustunda Bakıda açılan yeni muzey haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, dünyada ilk xalça muzeyi 1967-ci ildə Azərbaycanda yaradılıb. Muzeyin yaradılmasının məqsədi qədim tarixə malik xalçatoxuma sənətinin öyrənilməsi, saxlanması, dünyaya tanıdılmasıdır.
R.Tağıyeva bildirib ki, neçə ildir xalça muzeyində qədim texnologiyaların bərpası üzrə proqramlar həyata keçirilir. Bu proqram çərçivəsində muzeyin kolleksiyasında olan qədim xalçaların surəti və müəllif işləri toxunur. Muzeyin direktoru konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, 2017-ci ildə Azərbaycan Xalça Muzeyinin 50 yaşı tamam olacaq və bu əlamətdar yubileyə indidən hazırlıq görülür.
Xalça Muzeyi xarici muzeylər və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 1983-cü ildə UNESCO-nun loqosu altında İCOC və xalça muzeyinin birgə təşkil etdiyi şərq xalçaları üzrə birinci beynəlxalq konfrans Bakıda keçirilib. Həmin konfranslar 1988, 2003 və 2007-ci illərdə davam etdirilib. 2006-2007-ci illərdə Azərbaycan Xalça Muzeyi ilə Vaşinqtonun Tekstil Muzeyi arasında birgə proqram həyata keçirilib. Həmin proqram-layihəyə əsasən xalçaların qorunması və saxlanması ilə bağlı elektron kataloq yaradılıb.
Çıxışda Amerika muzeyləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, Vaşinqtonun Tekstil Muzeyi Qəyyumlar Şurasının prezidenti Bryus Baranzuya və Nyu-Yorkun Metropoliten Muzeyi direktorunun kolleksiyalar üzrə müavini Kerri Barrata Azərbaycan Xalça Muzeyində saxlanan qədim xalça növü “Dəstərxan”ın muzeydə toxunmuş surətləri hədiyyə edilib.
Tədbirdə Vaşinqtonun Tekstil, Nyu-Yorkun Metropoliten və Filadelfiyanın İncəsənət muzeylərində saxlanan Azərbaycan xalçalarının atribusiyası və onların kataloqunun tərtibi barədə əməkdaşlıq mövzusunda da söhbət aparılıb. Nümunə olaraq Gürcüstan Milli Muzeyi və Azərbaycan Xalça Muzeyinin müştərək tərtib etdiyi “Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində” adlı kataloq da təqdim edilib.
Nümayəndə heyəti üç muzeyi ziyarət edib, bu muzeylərdə Azərbaycan xalçalarını təyin etmək üçün ekspozisiya və fondları diqqətlə öyrənib, muzeylərdə xalçaların konservasiya şöbələrində olub. Metropoliten və Filadelfiya muzeylərinin baş mühafizləri Flora Zaxariya və Sara Reyter ilə görüşlərdə Azərbaycan Xalça Muzeyində konservasiya işinin inkişafı barədə söhbət aparılıb.
Konfrans iştirakçıları kolleksiyaçıların şəxsi qalereyalarına gedərək onların topladıqları kolleksiyalara da baxıblar. Kolleksiyalar arasında Azərbaycan xalçalarından nümunələr də maraqla qarşılanıb.
Nümayəndə heyəti Amerikanın üç şəhərinin muzeyində və bir neçə şəxsi kolleksiyada çoxlu sayda Azərbaycan xalça növlərinin qorunub saxlandığının şahidi olub. Başqa muzeylərdə də xalqımıza aid çox qiymətli maddi-mədəniyyət nümunələri, o cümlədən xalçalar var. Dünya muzeylərində saxlanan xalça və digər mədəniyyət nümunələrimiz araşdırılmalı, tədqiq olunmalı və bu sahədə axtarışlar davam etdirilməlidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar