Belə yüksək səviyyəli tədbirin Azərbaycanda keçirilməsi təşkilat tərəfindən ölkəmizə göstərilən böyük etimaddır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Dövlət başçısının 2015-ci ilin 24 iyul tarixli sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Komitəyə 20-dək nazirlik, digər dövlət qurumu və təşkilatların rəhbər şəxsləri daxildir.

Avqustun 27-də Bakı Biznes Mərkəzində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin ilk iclası keçirildi.

İclasda çıxış edən Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev tədbirin beynəlxalq əhəmiyyətini qeyd etdi və BMT-nin bu mühüm sammitinin ölkə başçısı İlham Əliyevin himayəsi ilə keçiriləcəyini diqqətə çatdırdı.

Qeyd olundu ki, 2013-cü ildə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Əbdüləziz əl Nassir arasında görüşdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi razılaşdırılıb. 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində bu barədə qərar qəbul edilib.

2015-ci ilin 18-19 may tarixində Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Nasser Əbdüləziz əl Nassir və ölkə başçısı İlham Əliyevin görüşündə Azərbaycanın Foruma ev sahibliyi etməsi ilə bağlı məsələlər bir daha müzakirə olunub.

Bildirildi ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasında münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoq sahəsində qlobal səviyyədə həyata keçirdiyi layihələrin, xüsusilə ölkə başçısı İlham Əliyevin təşəbbüsləri və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq, belə bir yüksək səviyyəli tədbirin ölkəmizdə keçirilməsinə BMT tərəfindən etimad göstərilib.

Vurğulandı ki, ilk iclas Qlobal Foruma hazırlıqla bağlı məsələləri, məşğul olacağımız işləri müəyyənləşdirmək məqsədi daşıyır.

Nazir Bakıda üç dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan bəhs edərək Prezident İlham Əliyevin təşəbbüsü olan bu tədbirin ənənəyə çevrildiyini vurğuladı. Qeyd edildi ki, iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən dəstəklənir. Forum dünyada keçirilən yeganə tədbirdir ki, bu sahədə birgə işlər görən təşkilatları vahid platformada birləşdirməyə imkan verir.

Əbülfəs Qarayev diqqətə çatdırdı ki, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu müxtəlif təbəqələri, qurumları əhatə edən müzakirə platformasıdır. Burada ölkələri dövlət başçıları və xarici işlər nazirləri təmsil edirlər. Bu platforma dünyanın ən böyük forumu kimi qəbul olunur. Bakıda keçiriləcək Qlobal Forumda BTM-nin baş katibi Ban Ki-Moonun da iştirakı gözlənilir.

Sonra Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin məsul katibi Vasif Eyvazzadə BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyəti barədə təqdimatla çıxış etdi. O, alyansın yaranma tarixi, strukturu, tərkibinə daxil olan qurumlar haqqında məlumat verdi, təsisatın fəaliyyətinin prioritet istiqamətləri, Qlobal Forumun keçirilməsinin üstün ev sahibi ölkə üçün əhəmiyyəti, onun imicinin müsbət təsirləri və müasir beynəlxalq çağırışlarla bağlılığı barədə danışdı.

Təşkilat Komitəsinin üzvləri - təhsil nazirinin müavini Firudin Qurbanov, daxili işlər nazirinin müavini Oruc Zalov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digərləri çıxış edərək təmsil etdiyi qurumların üzərinə düşən öhdəliklərin lazımi səviyyədə yerinə yetiriləcəyini bildirdilər, tədbirin yüksək səviyyədə təşkili üçün zəruri olan tələblərin müəyyən edilməsi və müvafiq fəaliyyət planının hazırlanması zərurətini qeyd etdilər.

Yekunda qərara alındı ki, 8-12 sentyabr tarixlərində ölkəmizə səfər edəcək BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə tədbirin təfərrüatları ilə bağlı müzakirələr aparıldıqdan sonra ayrı-ayrı qurumlar arasında vəzifə bölgüsü müəyyən edilsin.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar