6 ölkənin, respublikamızın 30 şəhər və rayonunun təmsil olunduğu festival yerli və xarici turistlərin böyük marağına səbəb olub

Avqustun 29-da Qəbələ şəhərində III Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev parkından festival keçirilən əraziyədək mürəbbə ustalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yürüş olub.

“Qafqaz Karvansaray” hotelinin qarşısındakı parkda keçirilən beynəlxalq festivalda Azərbaycan, Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan şirniyyatçıları, eləcə də ölkəmizin 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.
Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin rəsmiləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, yerli və xarici turistlər olub.
Açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti Karmen de Padella, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış ediblər.
Bildirilib ki, artıq üç ildir Qəbələ mürəbbə festivalına ev sahibliyi edir. 2013-cü ildə bu festivalda 11, ötən il 20, bu il isə 30 şəhər və rayondan, eləcə də 6 ölkədən şirniyyatçıların iştirak etməsi bu tədbirə marağın ildən-ilə artmasından xəbər verir. Belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır.


Vurğulanıb ki, bu layihə ölkəmizin bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. Beynəlxalq festivalın Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Qəbələdə keçirilməsi təsadüfi deyil. Böyük inkişaf yolu keçən Qəbələ xalqımızın mətbəx mədəniyyətinin formalaşmasında da mühüm rol oynayır.
Qeyd olunub ki, ölkəmizin ayrı-ayrı bölgələrində hazırlanan mürəbbələr özünün ləziz dadı və geniş çeşidi ilə fərqlənir. Bunu Qəbələ festivalında Azərbaycan və xarici ölkə təmsilçilərinin təqdim etdikləri nümunələri müqayisə etdikdə aydın görmək mümkün olub.
Festivalda rayon və şəhərlərin hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də bədii kollektivlər, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.
Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Komissiya tərəfindən 19 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilib.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub. Festivalda komandalar tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Onlar mürəbbələrin dadına baxıb və hazırlanması üsulu ilə maraqlanıblar.
Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarka, həmçinin bədii kollektivlərin çıxışları təşkil edilib.
Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyənləşdirilib. Müsabiqədə üç nominasiya üzrə qaliblər elan edilib. Onlara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Festival maraqlı konsert proqramı ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar