Azərbaycanın efir məkanına 2005-ci ilin 29 avqustunda gələn İctimai Televiziya və Radio Yayımları Şirkəti ötən 10 il müddətində geniş tamaşaçı və dinləyici auditoriyası toplayaraq milli media məkanında mühüm yer tutub. Ölkənin mədəni həyatına öz töhfələrini verən, maraqlı verilişlər, könül oxşayan konsertlər, yaddaşlara iz salan televiziya və sənədli filmlər, günün nəbzini tutan xəbərlər və cəmiyyətin diqqətini çəkən tok-şoularla tamaşaçı rəğbətini qazanmış İctimai Televiziya və Radionun keçdiyi yol zəngin və maraqlıdır.

Televiziya hər bir xalqın, hər bir ölkənin güzgüsüdür. Bu baxımdan İctimai Televiziya da üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi, rəngarəng verilişlər, proqram və layihələrlə xalqın zövqünü oxşadı. Peşəkarlıq səviyyəsi, operativliyi, qərəzsizliyi ilə seçilən İTV, ölkə həyatının bütün sahələri ilə yanaşı, Azərbaycan mədəniyyəti və incəsənətini, onun ən müxtəlif yaradıcılıq istiqamətlərini, milli-mənəvi dəyərləri, tarixi keçmişimizi, bu günümüzü respublikamızda və onun hüdudlarından kənarda təbliğ edir.
Avqustun 28-də Azərbaycan Dövlət Filarmoniyasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin 10 yaşı münasibətilə keçirilən yubiley tədbirində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis sədrinin müavini Bahar Muradova, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, digər dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Öncə media qurumunun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev tədbiri açaraq maraqlı layihələrlə tamaşaçı auditoriyasının sevgisini qazanan telekanalın fəaliyyətinə nəzər saldı. Diqqətə çatdırdı ki, ötən müddət ərzində İTV daim Azərbaycan Prezidenti İlham Əliyevin qayğısını hiss edib: “Bunun bariz nümunəsidir ki, milli mətbuatımızın 140 illiyi münasibətilə təltif olunan media nümayəndələri arasında İctimai Televiziyanın əməkdaşları da yer alıb. Bütün bunlara görə televiziyamızın kollektivi adından dövlətimizin başçısına təşəkkürümü bildirirəm”.
Baş direktor bundan sonra da telekanalın öz ənənəsinə sadiq qalaraq Azərbaycan xalqının yüksək səviyyəli efir təminatına çalışacaqlarını və tamaşaçıların izlədiyi telekanal ünvanını qoruyacaqlarını dedi.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli bildirdi ki, on ildir Azərbaycan cəmiyyətinə şərəflə xidmət edən televiziya bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək: “İTV yarandığı gündən tərəfsiz, obyektiv informasiyaları, rəngarəng verilişləri ilə auditoriyanın rəğbətini qazanıb. Bu gün də proqram siyasətində öz ənənəsinə sadiq qalır. Azərbaycan vətəndaşlarının marağına uyğun olaraq milli mənəvi dəyərlərimizi qorumaq, plüralizmi inkişaf etdirmək yolunda səylərini davam etdirməkdədir. Əminik ki, tamaşaçı və dinləyici qəlbinə yol tapan İctimai Televiziya və Radio bundan sonra da yeni formatlarda hazırladığı proqramlarla izləyicilərin və dinləyicilərin görüşünə gələcək”.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev yubiley münasibətilə televiziyanın kollektivini təbrik etdi və onlara fəaliyyətlərində daha böyük uğurlar arzuladı. Azərbaycan dövlətinin mətbuat, informasiya, o cümlədən teleradio siyasətinin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğunu xüsusi vurğulayaraq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı: “Dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbat İctimai Televiziyanın yaranması məsələsini gündəmə gətirib. Dövlətimizin başçısı İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. Bundan sonra İTV-nin maddi-texniki bazasının formalaşması istiqamətində mühüm işlər görülüb. Televiziyanın fəaliyyətə başlaması münasibətilə təşkil olunan mərasimdə iştirak edən dövlətimizin başçısı yeni telekanalın Azərbaycanın efir məkanında layiqli yer tutacağına əminliyini ifadə edib. İTV bütün ümidləri doğrultdu. Telekanal Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürütdü. Azərbaycan teleməkanına yeni nəfəs gətirdi və öz ənənəsinə bu gün də sadiqdir”.
Prezident Administrasiyasının rəsmisi onillik zaman kəsiyinin bu telekanalın inkişafı üçün yetərli olduğunu dedi, İTV-nin artıq bir ictimai institut kimi formalaşdığını bildirdi.
Tədbirdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov və Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək İTV-nin yaradıcı kollektivini 10 illik yubileyləri münasibətilə təbrik etdilər, onlara işlərində uğurlar arzuladılar.
Çıxışlarda kanalın özünəməxsus verilişləri, inkişaf meyli ilə fərqləndiyi, ictimaiyyətin bütün təbəqələrinə xidmət etdiyi diqqətə çatdırıldı.
Bir sıra təşkilatlar adından İctimai Televiziya və Radionun rəhbərliyinə fəxri fərmanlar, təşəkkürnamə və hədiyyələrin təqdim olunduğu yubiley gecəsi rəngarəng konsert proqramı ilə davam etdi.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar