Qədim Şəki bu dəfə baykerlərin festivalına ev sahibliyi edib

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan və festivallar şəhəri kimi tanınan Şəkidə 28-29 avqust tarixində daha bir beynəlxalq tədbir - IV Qafqaz motofestivalı keçirilib.

“Harley Davidson”, “Baku HOG Azerbaijan”, Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda müxtəlif ölkələrdən gələn baykerlər iştirak ediblər.
Avqustun 28-də axşam Şəki Olimpiya İdman Kompleksində festivalın təntənəli açılış mərasimi keçirilib.
İştirakçılar əvvəlcə kompleksin həyətində təşkil olunan sərgi-yarmarka ilə tanış olublar. Burada nümayiş etdirilən motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar, sənətkarlıq nümunələri festivala qatılanların marağına səbəb olub.
Mərasim “Natiq-ritm” qrupunun ifasında möhtəşəm şou ilə başlanıb. Qrupun baykerlərlə birgə təqdim etdiyi qeyri-adi ritmlər, motorların qulaqbatıran gurultusu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək Şəkinin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkana çevrildiyini vurğulayıblar.
Açılışda dünya şöhrətli “Elvis Presli” qrupunun “tribute”sinin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Mərasim konsert proqramı və diskoteka ilə gecə saatlarınadək davam edib.
Motofestivalın ikinci günü də maraqlı tədbirlərlə yaddaqalan olub.
Avqustun 29-da gün ərzində baykerlər müxtəlif yarış və müsabiqələrdə öz bacarıqlarını göstərib, fərdi ustalıqlarını nümayiş etdiriblər. Daha sonra qrup halında Şəki xanlarının sarayı istiqamətində yürüş keçiriblər.
Axşam saatlarında Olimpiya İdman Kompleksinin həyətində festivalın bağlanış mərasimi olub.
Əvvəlcə tamaşaçılara Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü şərəfinə xüsusi proqram təqdim edilib, ona həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra səhnəyə çıxan gənc müğənni Mina Milli Qəhrəmana ithaf etdiyi “Çin-Çin” mahnısını ifa edib.
Meydana toplaşan baykerlər Çingiz Mustafayevin xatirəsini motorların gurultulu səsi ilə anıblar.
Mərasimdə çıxış edən ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, yaşasaydı, bu gün Çingizin 55 yaşı tamam olacaqdı. Lakin o, 32 yaşında əbədiyyətə qovuşdu. Çingiz Vətən yolunda, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid oldu. Vurğulanıb ki, Milli Qəhrəmanın qısa, lakin mənalı həyat yolu hər bir azərbaycanlı üçün əsl vətənpərvərlik nümunəsidir.
Sonra Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək festivalın şəkililərə çox gözəl anlar yaşatdığını bildirib, bütün təşkilatçılarına şəhər rəhbərliyi adından minnətdarlıq edib.
Gün ərzində baykerlər arasında keçirilmiş müxtəlif yarışların, müsabiqələrin qaliblərinə, həmçinin festivalın keçirilməsinə yaxından kömək edən yerli qurumların rəhbərlərinə mükafatlar təqdim olunub.
Mərasim daha sonra əyləncəli proqramla davam etdirilib. Bu dəfə məşhur “Beatles” qrupunun “tribute”sinin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Mərasim “Natiq ritm” qrupunun çıxışı ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar