Avqustun 21-dən 27-dək Finlandiyanın paytaxtı Helsinkidə incəsənət həftəsi və ənənəvi “Runokuu” (“Poetik ay”) beynəlxalq poeziya festivalı keçirilib. Bu barədə “Dostluq” Azərbaycan-Finlandiya Cəmiyyətinin sədri Təranə Nəzərova məlumat verib.

Ənənəvi festivalın builki təşkilatçısı “Nuorivoyma” (“Gənclərin gücü”) jurnalıdır. Avqust səmasında ay doğanda (saat 19-dan 23-dək) fin və əcnəbi şairlər mikrofona yaxınlaşaraq şeirlərini oxuyur, poetik söz xiridarı olan oxucuları ilə söhbət edirlər.
Avqustun 27-də Finlandiya Milli Teatrının ötən əsrin əvvəllərində romantik “yugendstil” üslubunda inşa edilən, görünüşü ilə poetik təəssürat yaradan məşhur binasında keçirilən gecə “Bütün dünyanın şeirləri” adlanırdı. Gecənin əsas hadisəsi “Gövhəri-laməkan mənəm” adlı Azərbaycan poeziyası antologiyasının təqdimatı olub. Topluya Xaqani, Nizami, Nəsimi və Füzulidən müasir dövrədək 27 şairin əsərləri daxildir.
Antologiya Azərbaycan poeziyasının müxtəlif əsrlərdə yaranan nümunələrini, onun rəngarəngliyini fin dilində geniş təqdim edən ilk belə nəşrdir. Antologiyanın tərtibçisi və redaktoru həmvətənimiz, tanınmış tərcüməçi Tahirə Cəfərovadır.
Təqdimatda Tahirə Cəfərova, antologiyanın naşiri, Eyno Leyno adına mükafatın sahibi şair Leyevi Lehto, antologiyanın tərcüməsinə kömək edən şairlər Timo Malmi (Tampere) və Yukka Mallinen, “Dostluq” Azərbaycan-Finlandiya cəmiyyətinin sədri Təranə Nəzərova iştirak ediblər.
Gecədə antologiya üzərində işləyən, amma hazırda Soçidə olan şair Hanna Miyakelyanın təbrik məktubunun mətni oxunub. Təqdimat böyük uğurla keçib. Leyevi Lehto bir ədəbiyyatşünas kimi kitabı yığcam və ifadəli şəkildə təhlil etdi.
Təkcə rus şairlərindən tərcümələri ilə deyil, həm də tərtib etdiyi müxtəlif antologiyalar ilə məşhur olan Yukka Mallinen Şərq poeziyasının xüsusiyyətlərindən, Azərbaycan poeziyasının dünyaya bəxş etdiyi xüsusi rayihədən, onun lirizmindən və özünəməxsusluğundan danışıb.
Timo Malmi müasir Azərbaycan şairləri Fikrət Qoca, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Kamal Abdulla, Vaqif Səmədoğlu və başqalarından tərcümə etdiyi şeirləri oxuyub.
Tahirə Cəfərova antologiya ideyasının necə yaranmasından, tərcümə prosesindən söz açaraq bildirdi ki, bunun üçün şeirlərin rus və ingilis dillərində tərcümələrinə müraciət etmək, şeriyyətin, poetikanın incəliklərindən baş çıxarmaq lazım idi.
Qarabağdan söz açan T.Cəfərova qeyd edib ki, bu gözəl diyar Azərbaycanın incisi, bir çox istedadlı şair və müğənninin vətənidir. O deyib: “Məşhur müğənni Rəşid Behbudovun “Şən qarabağlı oğlan” mahnısını hamımız xatırlayırıq. O, bu mahnını Finlandiyaya qastrol səfəri zamanı oxumuşdu. Biz SSRİ-nin və Azərbaycanın Xalq artisti Bülbülün Qarabağdan olduğunu, onun oğlu Polad Bülbüloğlunun uşaqlıq illərinin “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhəri ilə bağlı olduğunu unutmuruq”.
Sonra şair Tito Malmi Süleyman Rüstəmin antologiyaya daxil olan “Qarabağ nəğməsi” şeirinin tərcüməsini şövqlə oxuyub.
Antologiyanın yaradılmasında şair və naşir Leyevi Lehto böyük rol oynayıb. Onun tərcümələri təkcə məzmunun fin dilində canlandırılması ilə deyil, həm də şeirlərin beytlərə ayrılmasının, onların ritmik şəklinin və hətta intonasiyasının dəqiqliyi ilə diqqəti cəlb edir. Nəsiminin məşhur “Məndə sığar iki cahan” şeirini oxuyan şair dinləyiciləri şeirin oxunuşu və klassik Azərbaycan təfəkkürünün dərinliyi ilə cəlb edib.
Gecənin sonunda Tahirə Cəfərova Azərbaycan Yazıçılar Birliyi və bütün Azərbaycan xalqı adından gözəl və təmənnasız bir işə görə antologiyanın naşirinə və bütün fin tərcüməçilərə təşəkkür edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar