Qırğızıstan kanalları “Azərspace-1” peykinə maraq göstərirlər
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin İctimai Teleradio Yayım Korporasiyasının (KTRK) baş direktoru İlim Karıpbekov ilə görüşüb. İ.Karıpbekovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən səfir ona uğurlar arzulayıb.
Baş direktor təbrikə görə təşəkkür edərək iki ölkə arasında əlaqələrin inkişafında, xüsusilə televiziya sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını söyləyib.
Səfir H.Orucov qeyd edib ki, son vaxtlar həm Bişkekdə, həm də Bakıda bir sıra tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda, bu ölkə ilə bağlı məlumatların isə respublikamızda yayılması üçün mühüm işlər görülüb. Diplomat Azərbaycanda yüksək səviyyədə keçirilən birinci Avropa Oyunlarını Qırğızıstanda geniş işıqlandırdığına görə KTRK-nın baş direktoruna təşəkkürünü bildirib. Baş direktor Azərbaycanın birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Görüşdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə KTRK arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq haqqında saziş layihəsindən də söz açılıb. İ.Karıpbekov sənədi imzalamaq üçün hazır olduqlarını bildirib. Tərəflər Azərbaycan və Qırğızıstanla bağlı həqiqətlərin ölkələrimizin ictimaiyyətlərinə çatdırılması istiqamətində konkret təklifləri müzakirə ediblər.
Hidayət Orucov KTRK-nın “Azərspace-1” peykindən istifadəyə başlaması ilə əlaqədar İ.Karıpbekova təşəkkür edib, Qırğızıstanın digər televiziya kanallarının da Azərbaycan peykinə maraq göstərdiyini bildirib.