MDB ölkələrinin “Kitab sənəti” müsabiqəsində ölkəmizdən 10 nəşr mükafat qazanıb

Sentyabrın 2-dən 6-dək Rusiya paytaxtında təşkil olunan 28-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında MDB ölkələrinin “Kitab sənəti” XII beynəlxalq müsabiqəsi qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin müsabiqəyə təqdim etdiyi 10 Azərbaycan kitabı müxtəlif nominasiyalarda diplomlara layiq görülüb.
“Heydər Əliyev. Fotoalbom” (“Renesans” nəşriyyatı) kitabı müsabiqənin “Qran-pri” nominasiyasına seçilib. “Qələbə” nominasiyasında Heydər Əliyev Fondu və Bakı Media Mərkəzinin dəstəyi ilə çap edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” kitabı birinci dərəcəli diploma layiq görülüb.
“İrs” silsiləsi çərçivəsində dərc olunmuş “Məftun edən şəhər” (“İRS Publishing House” nəşriyyatı) kitabı “Mənim ölkəm” nominasiyasında birinci dərəcəli diplom alıb. Sevinc Nuruqızının “Qədim Bakıya səyahət” kitabı “Uşaqlar və yeniyetmələr üçün kitablar” nominasiyasının qalibi seçilib. “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın “Əli bəy Hüseynzadə” kitabı isə müsabiqənin “Elm və innovasiyalar” nominasiyasında ikinci dərəcəli diploma layiq görülüb.
“Tədris vəsaiti və təhsil” nominasiyasında ikinci dərəcəli diplom A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun və tarix elmləri doktoru Kərim Şükürovun dördcildlik “Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi” toplusuna təqdim edilib. “İrs” jurnalının baş redaktoru Musa Mərcanlının redaktorluğu ilə “İRS Publishing House” nəşriyyat evində çap olunmuş “Qobustan - minilliklər kitabı” “Art kitab” nominasiyasında üçüncü dərəcəli diploma layiq görülüb. “Təbrizin sehrli nağılları” (“İRS Publishing House” nəşriyyat evi) isə “MDB-də çap olunub” nominasiyasının qalibi seçilib. Həmin kitabın müəllifi Cəmilə Həsənzadədir.
Diplomlar tanınmış şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğluna, Azərbaycanın Rusiyadakı səfərliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundovaya və “İrs” jurnalının baş redaktoru Musa Mərcanlıya təqdim edilib.
MDB ölkələrinin “Kitab sənəti” beynəlxalq müsabiqəsi Rusiya Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyi və MDB Dövlətlərarası Şurası tərəfindən 2004-cü ildən keçirilir. Bu il müsabiqəyə MDB-nin üzvü olan 5 ölkədən, habelə Gürcüstan və Estoniyadan layihələr təqdim edilmişdi.
Ənənəvi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin binasında keçirilib. Builki sərgiyə 300-dən çox nəşriyyat evi və ticarət təşkilatı qatılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar