BMT Sivilizasiyalar Alyansının (BMTSA) 25-27 aprel 2016-cı il tarixində paytaxtımızda keçiriləcək 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib. Nümayəndə heyətinə BMTSA-nın ali nümayəndəsinin ofisinin rəhbəri Nihal Saad rəhbərlik edir.
Sentyabrın 9-da Qlobal Foruma hazırlıqla bağlı Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyəti ilə görüşüb.
Görüşdə təşkilati məsələlər, o cümlədən Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının tədbirə qatılması, Forumun TV və internet vasitəsilə yayımlanması, həmçinin ümumilikdə Azərbaycanla BMT Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.
Nümayəndə heyətinin səfər proqramına Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində görüşlər daxildir. Görüşlər zamanı razılaşdırılmış məqamlar Forumun keçirilməsi barədə müqavilənin mətnində əksini tapacaq.
Xatırladaq ki, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb.
Forumda BMT-yə üzv ölkələr, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3 mindən artıq rəsmi şəxsin iştirakı gözlənilir.