Paytaxtımızda dördüncü dəfə keçirilən beynəlxalq kitab sərgi-yarmarkasına 100-dək yerli, 30-dək xarici nəşriyyat və təşkilat qatılıb

Azərbaycan paytaxtı növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi edir. Bu dəfə paytaxtımızda müxtəlif ölkələrdən naşirlər, kitab sənəti mütəxəssisləri, kitab ticarətçiləri bir araya gəlib. Sentyabrın 16-dan 18-dək Bakı İdman Sarayında IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildə əsası qoyulan və iki ildən bir keçirilən bu böyük elm, mədəniyyət, idrak bayramı respublikamızda təşkil olunan müxtəlif mövzulu sərgilər sırasında xüsusi rola malikdir. Ümumiyyətlə, hər bir sərgi müvafiq sahədə inkişaf proseslərinin inikasıdır. Bu baxımdan artıq ənənə halını alan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da ölkəmizdə nəşriyyat işinin, kitab sənətinin inkişafını nümayiş etdirir.
Kifayət qədər zəngin ənənələrə malik olan nəşriyyat və poliqrafiya işi bu sahəyə diqqət və qayğı, məqsədyönlü dövlət siyasəti nəticəsində son illər uğurla inkişaf edir. Hər ötən sərgi göstərir ki, Azərbaycanda əhalinin nəşriyyat sərvətlərinə marağı ildən-ilə artır, informasiya vasitələrinin müxtəlifliyi şəraitində mütaliə imkanlarının dairəsi daha da genişlənir. Eyni zamanda, sərgi-yarmarkada iştirakın coğrafiyası da zənginləşir.
İlk sərgidə ölkəmizdən 60, xarici dövlətlərdən 20 təşkilat təmsil olunurdusa, sonrakı sərgilərin hər birində 100-dən çox yerli, 35-40 xarici dövlətdən nəşriyyatlar iştirak ediblər. Sərgilərə gələn ziyarətçilərin sayı hər dəfə 60-70 min nəfər təşkil edib.
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün 100 milli, 30 xarici dövlətdən olan təşkilat qeydiyyatdan keçib. Nəşriyyat müəssisələrinin və ziyarətçilərin kəmiyyət göstəriciləri əhəmiyyət daşısa da, sərginin məzmunu, təbii ki, daha çox ekspozisiyaların məzmunundan, təqdim edilən çap məhsullarının elmi-bədii dəyərindən və poliqrafik keyfiyyətindən asılı olacaq. Bu baxımdan demək olar ki, ekspozisiyaların əsasını elmi, elmi-populyar, bədii kitablar - lüğətlər, ensiklopediyalar, araşdırma əsərləri, iqtisadi, beynəlxalq mövzulara həsr edilmiş nəşrlər təşkil edir. Ziyarətçilərə hər yaşa və zövqə uyğun kitablar təqdim olunacaq.
Sərginin proqramı zəngindir: kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə milli kitabxanalarının saziş imzalama mərasimləri, musiqili təqdimatlar və s.
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilinin bütün mərhələləri beynəlxalq təcrübəyə əsaslanır. 10 ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın nəşr məhsulları Almaniya, İtaliya, Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Belarus, Ukrayna, Fransa və digər ölkələrdə nümayiş etdirilir. Artıq bir çox nəşriyyat evləri də sərbəst surətdə həmin sərgilərə gedirlər. Hər il MDB-nin “Kitab sənəti” müsabiqəsində milli nəşrlərimiz mükafatlara layiq görülür.
Bu sərgi-yarmarka nəşriyyatlara, kitab yayımçılarına, kitab sənəti ilə məşğul olan digər təşkilatlara öz nəşr məhsullarını oxuculara təqdim etmək, onların satışını həyata keçirmək imkanı yaradır. İştirakçılar bu sərgi vəsiləsi ilə Azərbaycanda, eyni zamanda dünyada nəşriyyat və poliqrafiya mühitinin vəziyyətini görmək imkanı qazanacaq. Sərgi-yarmarkada daha bir məqsəd gənc nəslin kitaba maraq və sevgisini artırmaq, Azərbaycan oxucusunun dünyanın aparıcı nəşriyyatlarının nəşrləri ilə tanışlığını təmin etməkdir.
Kitab işığına toplaşan hər bir iştirakçıya, xarici ölkələrdən gəlmiş qonaqlarımıza, bütövlükdə sərginin işinə uğurlar arzulayırıq.
Azərbaycanın kitab sənəti tarixində dördüncü dəfə müəllif, naşir və oxucu belə geniş şəraitdə, bu möhtəşəm tədbirdə bir araya gəlir. Bu münasibətlə kitabı sevən, kitaba bağlı olan hər kəsi təbrik edirik.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar