İlk təəssüratlar, rəylər, düşüncələr

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müxtəlif ölkələrin nəşriyyat-poliqrafiya müəssisələri təmsil olunur. Eləcə də bir neçə ölkənin milli kitabxanasının rəhbərləri qonaq qismində beynəlxalq tədbirdə iştirak edirlər. Onlardan bir neçəsi səfərlə bağlı ilk təəssüratlarını, sərgi-yarmarka barədə fikirlərini qəzetimizlə bölüşdü.

“Kitab mirasdır. Bu miras düşüncəmiz, istedadımız üçündür”

Çin Xalq Respublikası Milli Kitabxanasının direktoru Han Yongjin:

- Kitab sərgiləri hər şeydən öncə insanları oxumağa, mütaliəyə səsləyən xoşməramlı təşəbbüsdür. Burada insanlar xoşlarına gələn, öz oxucu zövqlərini oxşayan kitabları tapırlar. İnsan ağlı hər zaman kitabla əhatə olunur. Məhz kitab oxuduqdan sonra insanda intellekt artır, oxucu zövqü formalaşır.
Çinin böyük şəhərlərində hər il belə sərgilər olur. İlk dəfədir ki, Azərbaycanın paytaxtı Bakıya səfər edirəm. Düşünürəm ki, elə ilk andan hər bir şey gözəl xatirəyə çevriləcək: gözəl şəhər, xeyirxah insanlar, bərəkətli torpaq. Bütün bunlar artıq bizdə yaxşı hisslər oyandırdı. Təsəvvür edin, ilk dəfə gəldiyin ölkədə insanlar səni köhnə dostu kimi qarşılayır. Tədbirdən öncə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla çay süfrəsi arxasında söhbət edərkən o qədər oxşar xüsusiyyətlərimiz ortaya çıxdı ki, özüm də təəccübləndim. Əvvəllər qədim İpək Yolu həm Çindən, həm də Azərbaycandan keçib. İndi kitab sahəsində əməkdaşlıq bizi bir araya gətirib.
İndi dünyada elm və informasiyanın yeni inkişaf metodları ilə rastlaşırıq. Ona görə də bizi belə bir sual düşündürür: elm və informasiya vasitəsilə kitabxanalarda öz gələcəyimizi necə inkişaf etdirə bilərik. Mənim Bakıya səfər etdiyim heyətdə həm də alimlər təmsil olunur. Biz gələcəkdə bu sahədə də işləyəcəyik. Bu təkcə başlanğıc deyil, gələcəyimiz üçün çox tutarlı addımdır.
Qədim Çin filosoflarından biri deyir ki, hansı dinə sitayiş etməsindən asılı olmayaraq kitabxana Allahın yanındadır. Kitab mirasdır. Bu miras düşüncəmiz, istedadımız üçündür.

“Kitab sərgilərinin keçirildiyi ölkələrdə insanların intellektual səviyyəsi də yüksək olur”

Belarusun “Makbel” kitab ticarəti və nəşriyyat müəssisəsinin baş direktoru Dmitri Makarov:

- Dünyada keçirilən belə kitab sərgi-yarmarkaları insanları bir araya gətirir, fikir mübadiləsinə səbəb olur. Düşünürəm ki, dövlət belə tədbirləri dəstəkləməlidir. Yox, əksinə, əgər dəstək vermirsə, deməli, onun kitaba marağı yoxdur. Bu günə qədər dünyanın bir çox yerlərində olmuşam və ən müxtəlif səviyyəli beynəlxalq kitab sərgi-yarmarkalarında işitrak etmişəm. Deyərdim ki, Azərbaycan kitabı həm dizayn, həm də məzmun baxımından dünyanın ən yaxşı kitablarından biridir. Məsələn, Azərbaycanın tanınmış şairi Çingiz Əlioğlunun da kitabının təqdim edildiyi Frankfurt sərgisində Azərbaycan çox gözəl təmsil olundu. Ölkənizin stendinə maraq böyük idi. Azərbaycan Minsk kitab sərgisində də iştirak edir.
Azərbaycanın paytaxtı artıq dördüncü dəfədir ki, belə bir sərgiyə ev sahibliyi edir. Belə sərgilərin davamlı keçirildiyi ölkələrdə insanların intellektual səviyyəsi də yüksək olur. Sevindirici haldır ki, Azərbaycanda keçirilən bu sərgi ildən-ilə genişlənir. Budəfəki sərgidən də gözləntilərim çoxdur. Mən, ümumiyyətlə, optimist insanam. Pessimist olsaydım, heç kitab sahəsi ilə məşğul olmazdım. Çoxdandır ki, deyirlər, kağız ədəbiyyatı öləcək və hər kəs kompüterlə mütaliə edəcək. Amma, gördüyünüz kimi, bu belə olmadı. Ümid edirəm ki, bu sərgi də hər kəsin marağına səbəb olacaq. Ümumiyyətlə, mənə elə gəlir ki, artıq 10-cu sərgidən sonra bu haqda daha çox söz demək olar.
Bakıda ilk dəfə 5 il bundan əvvəl olmuşam. Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında isə ilk dəfə iştirak edirəm. Şəhərinizdə yeni binalar, tikililər çoxdur. Avropa Oyunları keçirilib. Bir sözlə, Bakı çox inkişaf edib və gözəlləşib.

“Bu görüşlər biznes söhbətləri aparmaq üçün çox əlverişlidir”

Petros Korbakis, “MM Publication” nəşriyyatının regional satış meneceri (Yunanıstan):

- Azərbaycana ilk dəfədir ki, gəlirəm və bu sərgi-yarmarkada iştirakımdan məmnunam. İnsanlar belə tədbirlərdə təkcə fikir mübadiləsi aparmır. Onlar həm də öz kitab bizneslərini genişləndirirlər. Məhz kitab işi ilə məşğul olan insanlarla görüşmək, biznes söhbətləri aparmaq üçün bu sərgi-yarmarkalar çox əlverişlidir. Burada həm də faydalı tərəfdaş tapa bilirsən.
Azərbaycan gənc ölkə olmasına baxmayaraq, artıq dördüncü dəfədir ki, belə beynəlxalq sərgiyə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən kitab biznesi ilə məşğul olanlar bir araya gələcək. Buraya gəlməzdən öncə Bakıda keçirilmiş əvvəlki sərgilər barədə məlumatları nəzərdən keçirdim. Gördüm ki, tədbirin miqyası, iştirakçıların sayı ildən-ilə artıb. Bu baxımdan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından gözləntilərim çoxdur. Düşünürəm ki, biz bu sahədə Azərbaycanla yaxşı tərəfdaş ola bilərik.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar