Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi, professor


Müdriklər “Kitab böyük qüvvədir”, “Kitab həyatın aynasıdır” deyiblər. Doğrudan da, bəşəriyyətin ən mütərəqqi kəşfi olan kitab insanları mənən zənginləşdirir, əqidəsini və həyat yolunu formalaşdırır. İnternetin və müxtəlif sosial şəbəkələrin populyar olduğu bir zamanda kitab (istər ənənəvi, istərsə də elektron kitab) strateji əhəmiyyətini itirməmişdir. Ölkələr arasında kitab mübadiləsinə ehtiyatla yanaşılır, bu işə ciddi nəzarət həyata keçirilir, xüsusilə gənclərin mütaliəsinə diqqət yetirilir.
Əgər illər öncə dünya miqyasında cəmi 3-4 geniş əhatəli beynəlxalq kitab sərgisi təşkil olunurdusa, hazırda onlarla belə sərgi keçirilir. Əgər 10-15 il əvvəl Azərbaycan hər il iki-üç beynəlxalq kitab sərgisində iştirak edə bilirdisə, bu gün ölkəmiz hər il 10-dan artıq kitab sərgisində təmsil olunur. Ölkəmiz Frankfurt, İstanbul, London, Moskva, Tehran, Budapeşt, Praqa, Tehran və s. beynəlxalq kitab sərgilərində uğurla iştirak edir.
Beynəlxalq kitab sərgilərində iştirak təkcə Azərbaycan kitablarının bu sərgilərdə nümayişi ilə məhdudlaşmır, eyni zamanda kompleks təbliğat xarakteri daşıyır. Bu çərçivədə yerli ziyalıların, alimlərin, xarici səfirlərin, diaspor təşkilatlarının iştirakı ilə müxtəlif kitab təqdimatları, yubiley tədbirləri, poeziya saatları və s. təşkil olunur.
Bu gün ölkəmizdə kitab nəşri xeyli genişlənmişdir və bu kitabların əksəriyyətində Azərbaycan reallıqları, iqtisadi inkişaf, ölkədə həyata keçirilən sosial siyasət, milli-mənəvi sərvətlərimizin mühafizəsi və zənginləşdirilməsi istiqamətində görülən işlər əksini tapır. Eyni zamanda bu nəşrlərin beynəlxalq sərgilərdə nümayişi Azərbaycan həqiqətlərinin təbliği deməkdir. Sərgilərdə nümayiş etdirilən bütün kitablar tədbir bitdikdən sonra ya sərgi ziyarətçilərinə pulsuz paylanılır, ya həmin şəhərlərdə yerləşən və Azərbaycan ədəbiyyatını tədris edən universitetlərin kitabxanalarına, ölkəmizin səfirliklərinə, diaspor təşkilatlarına hədiyyə edilir. Bu nəşrlərdən il boyu Azərbaycan həqiqətlərinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdə geniş şəkildə istifadə olunur.

Təqdimat, təbliğat ünvanları

Azərbaycanın dünyanın nüfuzlu kitab sərgilərində mütəşəkkil iştirakı ölkəmizin təbliğatı ilə yanaşı, bu sahədə mühüm təcrübə qazanmağımıza töhfə verir. 2013-cü ildə Frankfurt kitab yarmarkasında ulu öndərin anadan olmasının 90 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “Heydər Əliyev adına” fundamental kitab-albomun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Milli Məclisin üzvləri, Almaniyadakı diaspor təşkilatımızın rəhbərləri iştirak etmişlər. 2015-ci ilin aprelində Londonda keçirilən beynəlxalq kitab sərgisi çərçivəsində “Azərbaycan günü” təşkil olunmuş, I Avropa Oyunlarının təqdimatı mərasimi keçirilmiş, ziyarətçilərə ölkəmizlə bağlı müxtəlif çap məhsulları paylanılmışdır.
Bu ilin may ayında Azərbaycan ilk dəfə olaraq İtaliyanın Turin şəhərində keçirilən ənənəvi beynəlxalq kitab sərgisində qonaq ölkə kimi iştirak etmişdir. Sərgi-yarmarka çərçivəsində “Azərbaycan günü” təşkil olunmuş və ölkəmizə dair italyan dilində nəşr edilən 10-dan artıq kitabın təqdimatı keçirilmişdir. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin İtaliyanın bir sıra nəşriyyatlarının rəhbərləri ilə ikitərəfli görüşlərində Azərbaycan kitablarının italyan dilində nəşri məsələləri müzakirə olunmuşdur. Həmçinin Franfukt sərgisinin prezidenti və Turin əyalətinin mədəniyyət naziri ilə görüşlər keçirilmiş, bir sıra layihələr müzakirə edilmişdir. Bu il London sərgisində də bir Britaniya şirkəti ilə Azərbaycan Milli Kitabxanası haqqında kitabın ingilis dilinə tərcüməsi və Londonda nəşrinə dair razılıq əldə olunmuşdur.
Kitabın təbliği sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də beynəlxalq kitab sərgilərinin təşkilidir. Ölkəmizdə bu təcrübənin əsası 2006-cı ildə qoyulmuşdur. Həmin ilin sentyabrında Bakı Əl Oyunları Sarayında “Beynəlxalq rus kitabı sərgisi” keçirilmişdir. İki gün davam edən sərgi-yarmarkada Rusiya Federasiyasının və Azərbaycanın 50-yə yaxın kitab ticarəti müəssisəsi və nəşriyyat iştirak etmişdir.
Daha sanballı və əhatəli beynəlxalq kitab sərgisinin təşkili 2009-cu ildə reallaşmışdır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab Sərgisi keçirilmişdir. Sərgidə ölkəmizin 30-dan artıq nəşriyyatı və 15-ə yaxın xarici ölkənin nəşriyyatları və kitab ticarəti müəssisələri, milli kitabxanaları öz ekspozisiyaları ilə iştirak etmişlər. Sərginin bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Beynəlxalq Kitab Sərgisini ənənəvi elan etmiş və onun iki ildən bir keçirilməsi barədə qərar qəbul olunduğunu bildirmişdir.
Bu qərara müvafiq olaraq 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Əl Oyunları Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası reallaşmışdır. Sərgidə ölkəmizdən 50-dən artıq nəşriyyat və 20-dən çox xarici ölkənin nəşriyyatları və milli kitabxanası öz ekspozisiyalarını qurmuşdular. Bu sərgini 30 mindən artıq insan ziyarət iştirak etmişdir ki, onların da əksəriyyəti gənclər olmuşdur.
2013-cü ildə keçirilən üçüncü sərgi əvvəlki iki tədbirin təcrübəsi, ziyarətçilərin rəy və təklifləri nəzərə alınaraq “Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası” adlandırıldı. Yəni müvafiq təşkilatlardan razılıq alınaraq sərgi çərçivəsində nəşrlərin satışı da həyata keçirildi. Ölkəmizin nəşriyyatları və xarici ölkələrdən gələn nəşriyyat və poliqrafiya müəssisələri kifayət qədər kitab satışına nail ola bildilər. Beləliklə, beynəlxalq tədbirin sərgi-yarmarka statusu alması nəşriyyatların diqqətini daha çox çəkmiş oldu və III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında artıq 80-dən çox yerli nəşriyyat və 24 xarici ölkə nəşriyyatı və milli kitabxana iştirak etdi. Sərgi-yarmarkanın açıq havada və daha geniş məkanda keçirilməsi ona marağı daha da artırdı və ziyarətçilərin kütləviliyini təmin etdi. Təxmini hesablamalara görə üçüncü sərgi-yarmarkanı 50 min nəfərdən artıq insan ziyarət edib.
Bu sərgi həm ziyarətçilərin çoxluğu ilə, həm də onların sırasında uşaqların və gənclərin əksəriyyət təşkil etməsi ilə fərqlənmişdir. Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyində iştirak etmək üçün Bakıya gələn və tədbirdə qonaq kimi iştirak edən Fransa Milli Kitabxanasının baş direktoru Bruno Rassino və İsveçrə Milli Kitabxanasının direktoru xanım Mariye Kristina Dofley Prezident İlham Əliyevin qəbulunda olarkən sərgi-yarmarkada çoxlu sayda uşağın fəal iştirakından heyrətləndiklərini söyləmişdilər.

Bakı yenidən nəşriyyatları
bir araya gətirir

Bu gün paytaxtımız IV Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi edir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Əl Oyunları Sarayında keçirilən bu kitab bayramının da iştirakçı coğrafiyası genişdir. Sərgi-yarmarkaya 100-dən artıq yerli və 30-dək xarici nəşriyyat qatılıb.
Ölkəmizdə keçirilən beynəlxalq kitab sərgilərinin əsas məziyyətlərindən biri ondan ibarətdir ki, hər il bu tədbirlərdə xarici ölkələrin milli kitabxanaları öz mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tarixini və ictimai həyatını əks etdirən hər biri 100-140 nüsxə kitabdan ibarət ekspozisiyalarla iştirak edirlər. Sərgidə iştirakın şərtlərinə görə həmin kitabxanalar tədbir başa çatdıqdan sonra nümayiş etdirdikləri bütün kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə edirlər. Bundan da, təbii ki, Azərbaycan oxucusu qazanır, kitabxanamızın fondu zənginləşir.
Kitab sərgilərinin digər bir əhəmiyyətli tərəfi ondan ibarətdir ki, sərgiyə qatılan milli kitabxanalar öz fondlarında mühafizə olunan ölkəmizə dair qiymətli materialların surətlərini və yaxud elektron versiyalarını da Azərbaycana hədiyyə edirlər. 2013-cü ildə keçirilən III Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Sankt-Peterburqdakı Prezident Kitabxanası öz fondunda mühafizə olunan çar Rusiyası Dəftərxanası Arxivində Azərbaycana dair qiymətli arxiv materiallarının tam komplektinin elektron versiyasını Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişdir. Həmin il Çexiya Milli Kitabxanasının direktoru həmin kitabxananın fondunda saxlanılan Nizami Gəncəvinin və Məhəmməd Füzulinin AMEA-nın Əlyazmalar İnstitutunun fondunda olmayan əlyazmalarının faksimilesini bizim kitabxanaya bağışlamışdır.

“Azərbaycan inciləri dünya
kitabxanalarında”

Budəfəki sərgi-yarmarka çərçivəsində Milli Kitabxanada “Azərbaycan inciləri dünya kitabxanalarında” mövzusunda geniş kitab sərgisinin təşkili nəzərdə tutulmuşdur. Burada nümayiş olunmaq üçün Rusiya Milli Kitabxanası öz fondunda mühafizə olunan Azərbaycana dair qiymətli xəritələrin, şəkillərin, açıqcaların, ayrı-ayrı kitabların faksimilelərini bizə təqdim etmişdir və sərgi zamanı Rusiya Milli Kitabxanasının direktoru həmin materialların və fondlarında olan digər kitab və əlyazmaların elektron versiyasından ibarət diskləri kitabxanamıza hədiyyə edəcək.
Bakıda keçirilən beynəlxalq kitab sərgiləri Azərbaycan Milli Kitabxanası ilə xarici ölkələrin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişlənməsinə də zəmin yaradır. Xarici ölkələrin milli kitabxana direktorları ilə görüşlər keçirilir, ikitərəfli və çoxtərəfli layihələr müzakirə olunur, müvafiq qərarlar qəbul olunur, təcrübə mübadiləsi həyata keçirilir. Əksər hallarda isə bu görüşlər və müzakirələr qarşılıqlı əməkdaşlığa dair müqavilələrin, niyyət protokollarının, memorandumların imzalanması ilə başa çatır.
IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində isə Bosniya və Herseqovina Milli Kitabxanası və Tacikistan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulmuşdur. Sentyabrın 15-də isə Çin Milli Kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanmışdır.
Göründüyü kimi, ölkəmizdə keçirilən beynəlxalq kitab sərgilərinin əhəmiyyəti təkcə kitab nümayişi və kitab satışı ilə məhdudlaşmır, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığa geniş üfüqlər açır, faydalı təcrübə mübadiləsinə rəvac verir, Milli Kitabxananın fondunun zənginləşməsinə kömək edir və beynəlxalq miqyasda inteqrasiyanı gücləndirir. Bu sərgilərin təşkilindən hər kəs - həm ziyarətçilər və oxucular, həm alimlər və ziyalılar, həm də kitabxanalar və nəşriyyatlar qazanırlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar