Sentyabrın 15-də Azərbaycan Milli Kitabxanası ilə Çin Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
Mərasimdən öncə Milli Kitabxananın direktoru Kərim Tahirov Çin Milli Kitabxanasının direktoru Han Yongjinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Direktor Azərbaycan-Çin əlaqələrindən danışıb, memorandumun hər iki ölkənin oxucuları üçün çox əhəmiyyətli olacağını qeyd edib. Söhbət zamanı elektron resursların mübadiləsi, sənədlərin konservasiya və qorunması məsələlərinə toxunulub.
Memorandumun imzalanma mərasimində Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli, respublikanın aparıcı kitabxanalarının direktorları və əməkdaşları iştirak ediblər.
Mərasimdə Kərim Tahirov bir daha əməkdaşlıq sənədinin əhəmiyyətini diqqətə çatdırıb.
Çin Milli Kitabxanasının direktoru Han Yongjin qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Çin dilində 5 kitabı həmkarına təqdim edib. Öz növbəsində Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası. Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan mətbəxi” (ingilis dilində), “Qobustan - minilliklərin kitabı” (Azərbaycan və ingilis dillərində), “Qarabağ” (ingilis dilində), “Azərbaycan xalçaları” (ingilis dilində) və s. kitabları qonaqlara hədiyyə edib.
Sonda tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının fondunda qorunan Çin dilində və Çinə aid ədəbiyyatla tanış olublar.