IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası qonaqlarının təəssürat və rəyləri

16-18 sentyabrda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müxtəlif ölkələri təmsil edən naşirlər, kitab ticarəti, tədris proqramları üzrə mütəxəssislər qatılmışdı. Tədbirin sonuncu günü qonaqların təəssüratlarını öyrəndik.

Qalina Bezikoviç, “Yaşıl dalğa” beynəlxalq sərgisinin təmsilçisi (Ukrayna):
- Ukraynada “Beynəlxalq Yaşıl Dalğa” kitab sərgisi artıq 20 ildir ki, keçirilir. Bu tədbiri hər il bizim də, sizin də sevimliniz olan məşhur yazıçı-satirik Mixail Jvanetski açır. Hər gün bu sərgiyə 5-7 min ziyarətçi baş çəkir. Biz sərgiyə gələn hər bir insana görə çox şad oluruq və onların hər biri bizim sərgidən mütləq kitabla ayrılırlar. Bu sərgiyə gəlincə, ümumiyyətlə, Bakıya ilk dəfədir ki, gəlirəm. Son üç gündə imkan tapıb şəhərin görməli yerlərinə də baş çəkdik. Bakı çox gözəldir. İnsanlar isə o qədər mehriban və qonaqpərvərdirlər ki. Sərgidə təşkilatçılıq çox yüksək səviyyədədir. Hər an diqqət hiss edirik. Bu sərgidə iştirakımıza görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə çox minnətdarıq. Bakını ən xoş təəssüratla tərk edəcəyik.

Natalya Nizmova, “Moskva kitab evi”nin kommersiya direktoru (Rusiya):
- İlk dəfədir ki, Bakıda keçirilən kitab sərgisinə qatılıram. Təqdirəlayiq haldır ki, burada yerli nəşrlərlə yanaşı xarici nəşrlərin nümayişinə geniş yer verilir. Müxtəlif ölkələrdən nəşriyyatlar öz kitablarını burada sərgiləyirlər. Bir sıra görüşlərimiz olub, bəzi nəşriyyatlarla mübadilə və əməkdaşlıq edəcəyimizi düşünürük. Mən bir çox beynəlxalq kitab sərgilərində iştirak etmişəm. Hər sərginin özünəməxsus formatı olur. Bu sərgidə isə biz həm də Şərq qonaqpərvərliyi ilə rastlaşdıq. İnsanlar istiqanlıdır. Dil baxımdan isə heç bir problemimiz yoxdur. Belə gözəl hisslər heç vaxt unudulmur. Sərgi-yarmarkada iştirakdan çox məmnun qaldım.

Reheb Hida, Albaniyanın “Fannali” nəşriyyatının direktoru:
- Dünyanın çox yerində - Almaniya, Fransa, Çin, ABŞ və digər ölkələrdə sərgilərdə iştirak etmişəm. Azərbaycanda keçirilən bu sərgi-yarmarka məndə böyük təəssürat oyatdı. Gözəl təşkilatçılıq vardı. Bu yaxınlarda Azərbaycan şairi Çingiz Əlioğlunun kitabı alban dilinə tərcümə olundu. Fikrimcə, bu istiqamətdə əməkdaşlığı davam etdirmək lazımdır. Artıq bir neçə yerli nəşriyyatla fikir mübadiləsi aparmışıq. Gələcəkdə qarşılıqlı tərcümələrə yer vermək niyyətindəyik.

Məmduh Bədəvi, Qahirə Beynəlxalq Kitab Sərgisinin rəhbəri (Misir):
- Bakıda keçirilən kitab sərgi-yarmarkasında Misir nümayəndə heyətinə rəhbərlik edirəm. Burada Misirin tarixi, ədəbiyyatı ilə bağlı çox sayda kitablar sərgilənir. İnsanlar bu kitabları maraqla qarşılayır. Azərbaycan artıq dördüncü dəfədir ki, belə bir sərgi keçirir. Deməli, Şərq sivilizasiyasının məkanlarından biri olan ölkənizdə elmə, mədəniyyətə, intellektə yüksək dəyər verilir. Bakıda ilk dəfə olmağıma baxmayaraq, insanlardan özümə münasibətdə bir doğmalıq hiss edirəm. Bu xalq həm də öz ənənəsinə sadiq qalıb qonaqpərvərlik elementlərini yaşadır. Biz gələcəkdə də əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvətə görə minnətdarlığımızı bildiririk.

Assad Joze Jater Pena, Kolumbiyanın Azərbaycandakı səfiri:
- Mən ölkəmin Azərbaycanda ilk səfiriyəm və bu sərgi də bizə belə bir imkan verdi ki, uzaq Latın Amerikası ölkəsi olan Kolumbiyanı təbliğ edək. Stendimizdə Kolumbiyanın tarixi, ədəbiyyatı, mədəniyyəti, turizmindən bəhs edən kitablar yer alıb. Turistlərin marağına səbəb olan ənənəvi Kolumbiya qəhvəsi, onun növləri, hazırlanma üsulu da ziyarətçilərin marağına səbəb olur. İnsanlar bizə yaxınlaşır, ölkəmizlə bağlı suallar verirlər və biz də məmnuniyyətlə onları cavablandırmağa çalışırıq. Sevinirəm ki, sərgidə Kolumbiya haqqında insanlara geniş məlumat verə bildik. Ümid edirəm ki, növbəti sərgi-yarmarkada Kolumbiya nəşriyyatları ilə daha geniş heyətlə təmsil oluna biləcəyik.

Mehmet Nuri Parmaksız, İLESAM-ın baş direktoru (Türkiyə):
Sərgi-yarmarkada Azərbaycan Yazıçılar Birliyi tərəfindən nəşr olunan “Həsrət, eşq və sükut” adlı kitabımı iki gün boyunca oxucular üçün imzaladım. Xarici və yerli nəşriyyatları, müəllifləri, oxucuları bir araya gətirən bu tədbiri yüksək qiymətləndirirəm. İmza günümdə yeni və köhnə dostlarla görüşmək, onlar üçün kitab imzalamaq mənim üçün xoşbəxtlikdir. Yazıçılığın ən gözəl tərəfi budur: oxucularla görüşüb əsərlərin haqqında söhbət etmək. Qarşıdakı illərdə kitab sərgisinin genişlənməsi və böyüməsini diləyirəm.

Konstantinos Çalkiyas, “MM Publications” şirkətinin satış meneceri (Yunanıstan):
- Şirkətimizin əsası 1974-cü ildə qoyulub. Bu gün dünyanın onlarla ölkəsində nümayəndəliyimiz var. İngilis dilində dərsliklər də nəşr edirik. Ona görə də biz burada özümüzə tərəfdaş axtarmağa çalışırıq. Bizim sərgimiz peşəkar təbəqədən olan ziyarətçilər üçün nəzərdə tutulub. Azərbaycanla kitab biznesi sahəsində əməkdaşlıq etmək xoşumuza gəlir və bunu davam etdirəcəyik. Sərgi-yarmarka çox yaxşı təşkil olunub. Bakını gəzmək imkanımız da oldu və çox xoşuma gəldi.

M.Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar