Diplomat və tarixçi Həsən Həsənovun tədqiqat əsəri geniş oxucu kütləsinin ixtiyarına verildi

Sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyində (AYB) ölkəmizin Polşadakı səfiri, tarix üzrə elmlər doktoru Həsən Həsənovun “Qız qalası” kitabının Mədəniyyət və Turizm Nazirliyinin şəbəkəsinə daxil olan kitabxanalara təqdim olunması mərasimi keçirildi.

AYB-nin sədri, Xalq yazıçısı Anar tədbiri açaraq “Qız qalası” kitabının qədim tariximizin öyrənilməsi üçün qiymətli mənbə olduğunu bildirdi. Belə elmi araşdırmaların aparılmasının böyük əhəmiyyət kəsb etdiyini dedi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədqiqat əsərinin İçərişəhərin və ümumilikdə Bakının tarixinin öyrənilməsində yeni mərhələ olduğunu diqqətə çatdırdı. Kitabın İçərişəhərdə yerləşən abidələrin, eləcə də Qız qalasının tarixinin dəqiqləşdirilməsində, əsaslandırılmış məlumatların formalaşdırılmasında əvəzsiz rola malik olduğunu bildirdi. Rus dilində yazılan kitabın Azərbaycan dilində də çap edilməsinin vacibliyi vurğulandı.
Müəllif Həsən Həsənov gərgin araşdırmalara əsaslanan nəşrin əhatə etdiyi tədqiqatlar və əldə olunan nəticələr haqqında ətraflı təqdimatla çıxış etdi. Bildirdi ki, kitabda Qız qalasının tarixi tamamilə yeni prizmadan araşdırılıb: “İndiyədək bəzi tarixi mənbələrdə Qız qalasının əksər hallarda eramızın XII əsrinə aid edildiyini, eləcə də Azərbaycan xalqına aidiyyəti olmadığını göstərməyə çalışırlar. Kitabın əsas məqsədi Qız qalasının hansı xalq tərəfindən tikildiyini aşkara çıxarmaq, həmin xalqın hansı dilə və dinə mənsub olduğunu araşdırıb ortaya qoymaqdır”.
Müəllif əvvəlki mənbələrdə göstərilən fikirlərin yanlış olduğunu qeyd etdi, abidənin eramızdan əvvəl VIII əsrdə tikildiyini, bu qənaətə gəlməyə arxeoloji cəhətdən əsasların olduğunu dedi. Alim yeni tədqiqat əsərində belə bir fikir irəli sürür ki, Qız qalası türk əsilli, bütpərəst kimmer və skif tayfaları tərəfindən inşa edilib, ulu od tanrısı Tabitiyə həsr olunub və bu tayfaların müqəddəs yeri sayılıb. Səkkiz mərtəbədən ibarət olan Qız qalasının hər mərtəbəsi ayrılıqda bir məbəddir və bir-birinin üzərinə qoyularaq səkkizmərtəbəli məbəd alınıb. Hər mərtəbənin fəlsəfi mənasını açan müəllif abidənin hansı məqsədlə tikildiyini faktlar əsasında təhlil etdi.
Qeyd edək ki, kitabda Qız qalasının sirlərinin açılmasında yardımçı olacaq əsaslandırılmış faktlar əksini tapıb və bir sıra toponimlərin mənaları qeyd olunub. Üç hissədən ibarət olan kitabın titul vərəqində Xalq rəssamı Tahir Salahovun əl işi verilib. Nəşrdə həmçinin Qız qalasının tarixi və onun haqqında araşdırmalarla bağlı fotoşəkillər də yer alıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr olunmuş kitaba AMEA-nın Memarlıq və İncəsənət, Tarix və Dilçilik institutlarının nümayəndələrinin də daxil olduqları yerli və xarici alimlər heyəti rəy verib. Kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar