Əməkdaşlıqla bağlı illik fəaliyyət planlarının hazırlanmasına dair razılıq əldə olunub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 28-də Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, o cümlədən turist mübadiləsinin artırılması istiqamətində bir sıra addımların atılması müzakirə olunub.
Nazir Əbülfəs Qarayev bu sahədə kompleks tədbirlər görülməsinin vacibliyini qeyd edib. Söhbət zamanı iki ölkənin turizm şirkətləri və media nümayəndələri üçün qarşılıqlı infoturlar təşkil olunması, həmçinin Serbiya tərəfindən Azərbaycan vətəndaşları üçün vizanın ləğv edilməsi məsələsinə də toxunulub.
Əbülfəs Qarayev bu istiqamətdə əməkdaşlıq kontekstində Bakıda hər il keçirilən AİTF beynəlxalq turizm sərgisi haqqında qonaqlara məlumat verib, Serbiyanın sərgidə iştirakının müsbət nəticələrinin olacağını qeyd edib.
Serbiyalı nazir təklifi yüksək qiymətləndirərək, AİTF sərgisində Serbiyanın Çernoqoriya ilə birlikdə iştirakının mümkünlüyünü vurğulayıb. O həmçinin Serbiyada fevral ayında keçiriləcək beynəlxalq turizm sərgisində Azərbaycanın təmsil edilməsinin bu sahədə əlaqələrə əlavə zəmin olacağını deyib. Sərgilərdə turizm şirkətləri arasında əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs olunub.
Əbülfəs Qarayev turizm təhsili sahəsində əməkdaşlıq məsələləri haqqında da söhbət açıb, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün təcrübə mübadiləsinin təşkili barədə fikrini bildirib.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində də uğurlu işlərin həyata keçirilməsi vurğulanıb. Əbülfəs Qarayev Azərbaycan və Serbiya musiqiçilərinin festivallarda qarşılıqlı iştirakını təklif edib.
Mədəniyyət və turizm naziri Bakıda təşkil olunan ənənəvi Mədəniyyətlərarası Dialoq Forumu və gələn ilin aprel ayında keçiriləcək Qlobal Forum haqqında məlumat verib, nümayəndə heyətini bu tədbirdə iştirak etməyə dəvət edib.
Sonda iki ölkə arasında sərgilər çərçivəsində əməkdaşlıq müqavilələrinin imzalanması və illik fəaliyyət planlarının tərtib olunmasına dair razılıq əldə olunub.
Qeyd edək ki, Serbiya nümayəndə heyəti iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etmək üçün Bakıya səfər edib. Azərbaycan tərəfindən komissiyanın iclasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.