Ölkəmiz beynəlxalq konfransda təmsil edilib
Sentyabrın 22-24-dək Rusiya Dövlət Uşaq Kitabxanasında keçirilən "Ədəbiyyat ili: Uşaq mütaliəsi kitabxana məkanında" adlı beynəlxalq konfransda ölkəmizi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova təmsil ediblər. Tədbirə Rusiyanın və keçmiş sovet respublikalarının 300-dək uşaq kitabxanası qatılıb.
Konfransda Rusiya vilayətlərinin uşaq kitabxanalarının həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlığı haqqında məlumat verilib. Leninqrad Vilayət Uşaq Kitabxanasının təmsilçisi "Dostluğun kitab rəfi" layihəsinin ilk olaraq Azərbaycan ilə birgə həyata keçirməsindən geniş söhbət açıb, bu istiqamətdə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Konfransda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova "Uşaqların mütaliəyə cəlbi: Mütaliə haqqında düşüncələr" adlı çıxışında bu sahədə yeni forma və metodlardan danışıb. Slaydlarla nümayiş olunan çıxış auditoriyanın diqqətini cəlb edib. Rusiyanın bir sıra vilayət uşaq kitabxanalarının (Nijni Novqorod, Saratov, Çelyabinsk, Rostov) direktorları F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə əməkdaşlığa dair təklif irəli sürüblər. Əməkdaşlığın bir məqsədi də kitabxanalarda Azərbaycan uşaq ədəbiyyatı fondunu yaratmaqla, həmin diyarda yaşayan azərbaycanlı uşaqlara kömək etməkdir.
Konfransın son günündə MDB ölkələri milli uşaq kitabxanalarından gələn əməkdaşlar üçün dəyirmi masa təşkil olunub. Beynəlxalq layihələrin həyata keçirilməsi ilə uşaq psixologiyasının düzgün formalaşdırılması, tolerantlıq hisslərinin artması, sülh şəraitində uşaqların böyüməsində kitabın təbliğindən istifadə məsələləri müzakirə edilib.