Oktyabrın 9-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin bağlanış və qaliblərinin mükafatlandırma mərasimi oldu.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər Azərbaycanın bir çox beynəlxalq mədəniyyət, humanitar və idman tədbirlərinə ev sahibliyi etdiyini bildirdi, ikinci dəfə keçirilən Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin də bu sırada özünə yer tutduğunu dedi. Qeyd olundu ki, ölkəmiz özünün zəngin memarlıq irsi, ənənələri ilə də dünyada tanınır. Bu gün Bakıda UNESCO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilən Qız qalası, Şirvanşahlar saray kompleksi kimi memarlıq abidələri ilə yanaşı, paytaxtımızın simasını dəyişən, onun müasir rəmzlərinə çevrilən binalar da var və yeniləri inşa olunmaqdadır.
Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner müsabiqənin yüksək səviyyədə keçirildiyini vurğuladı, bu işdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi. Qonaq bu günlər ərzində Bakının arxitekturası ilə tanış olmaq imkanı qazandığını da diqqətə çatdırdı.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, müsabiqəyə qatılan ölkələrin sırası genişlənir. 2013-cü ildə ilk müsabiqədə 30 ölkə təmsil olunmuşdu. Budəfəki müsabiqəyə 37 ölkədən 250-dək layihə təqdim olunub. Qeyd etdi ki, bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.
Sonra qaliblər elan olundu və mükafatlar təqdim edildi. Qeyd edək ki, müsabiqə yeddi nominasiya üzrə keçirilib.

“İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyasında birinci yerə Çovdhuri Kaşef Mahboob (Banqladeş), ikinci yerə Qarsia Fernandes (İspaniya), üçüncü yerə Tiaqo Reis De Oliveira (Portuqaliya) layiq görüldü.
“Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyasında I yeri Takuro Yamamoto (Yaponiya), II yeri Marcelino Migvel (Portuqaliya), III yeri Humberto Conde (Portuqaliya) qazandı.
“Həyata keçirilmiş ən yaxşı interyer” nominasiyasında birinci Rasim Babakişiyev (Azərbaycan) oldu. İkinci mükafatı Valentirov Olexiy (Ukrayna), üçüncü mükafatı Marc Benjamin (Almaniya) aldı.
“Həyata keçirilməmiş ən yaxşı layihə” nominasiyası üzrə qalib Paolo Rossi (Italiya), ikinci və üçünü mükafatçılar Humberto Conde (Portuqaliya) və Peretti Laura (İtaliya) oldu.
“Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə 1-3-cü mükafatlara müvafiq olaraq Raulino Ricardo Oliveira (Portuqaliya), Nguyen Hoang Manh (Vyetnam) və Gascon Pepe (İspaniya ) layiq görüldülər.
“Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə I yeri Çanq Yonq Ter (Sinqapur) qazandı, II yerə Gascon Pepe (İspaniya), III yerə Vasco Matias Correia (Portuqaliya) sahib oldular.
“Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyası üzrə birinci yeri Cumamedel İmankulov (Qırğızstan), 2-3-cü yerləri Elçin Əliyev (Azərbaycan) və İqor Voskresenski (Rusiya) qazandılar.
Qaliblərə diplom və pul mükafatları təqdim olundu. Müsabiqənin ümumi mükafat fondu 52500 manat təşkil edib.
Qeyd edək ki, qalibləri Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner, qurumun sabiq prezidenti Vassilis Sgoutas və sabiq baş katibi Mişel Barmaki, vitse-prezident Haydar Ali, Fransa memarlarının milli ittifaqının prezidenti Catherine Jacquot və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin daxil olduğu münsiflər heyəti müəyyənləşdirib.

Qeyd edək ki, müsabiqənin beynəlxalq münsiflər heyəti nəticələri müəyyən etdikdən sonra “Bakı qətnaməsi”ni imzalayıblar. Sənəddə regional münaqişələr zamanı tarixi, mədəni, etnik və dini əhəmiyyət kəsb edən obyektlərin qəsdən məhv edilməsi ilə əlaqədar dərin narahatlıq ifadə edilir. Suriyada, Əfqanıstanda, Livanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Malidə, Cibutidə və digər ərazilərdə böyük humanitar dəyər kəsb edən incəsənət əsərləri, tikililərin məhv edildiyi diqqətə çatdırılıb. Sənəd beynəlxalq təşkilatları münaqişələrin sülh yolu ilə həll edilməsinə və dini, bədii, mədəni və etnik əsərlərin və rəmzlərin qəsdən məhv olunmasının qarşısının alınmasına çağırır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar