Oktyabrın 14-də Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən böyük kitab sərgisi sayılan Frankfurt beynəlxalq yarmarkası işə başlayıb. Sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Mədəniyyət və Turizm Nazirliyi hər il xarici ölkələrdə keçirilən müxtəlif kitab sərgilərinin iştirakçısı olur, Azərbaycan nəşrlərini dünyada təqdim və təbliğ edir. Bu sırada Frankfurt yarmarkası nüfuzu, miqyası, iştirakçı və ziyarətçi sayı ilə xüsusi yer tutur. Ötən illərdə nazirliyin xətti ilə ölkəmiz bu sərgidə uğurla təmsil olunub, milli stendimiz çoxlu ziyarətçi cəlb edib.
Builki sərgidə 60 kvadratmetr sahədə qurulan Azərbaycan stendi xüsusi dizaynı ilə seçilir. Stendimizdə ölkəmizin tarixi, mədəniyyəti, müasir inkişafı, ədəbi nümunələrimizlə bağlı nəfis nəşrlər, digər çap məhsulları, ayrı-ayrı nəşriyyatların kitabları nümayiş olunur.
Oktyabrın 17-də Azərbaycan stendində, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək mərasimə müxtəlif ölkələrdən qonaqlar da qatılacaq.
Oktyabrın 18-dək davam edəcək sərgi müddətində stendimizdə nəşr məhsullarının nümayişi ilə yanaşı, işgüzar görüşlər də keçiriləcək.
Qeyd edək ki, Avropada kitab sərgi mədəniyyətinin tarixi hələ XVI-XVII əsrlərdə təşkil olunan Frankfurt və Leypsiq yarmarkalarından başlayır. 1949-cu ildən ənənəvi olaraq keçirilən Frankfurt yarmarkası dünyanın ən nəhəng kitab bazarı hesab olunur. Ümumi ekspozisiya sahəsi 170 min kvadratmetrdən çox olan yarmarkaya hər il 100-dən çox ölkə qatılır. Builki yarmarkanın fəxri qonağı İndoneziyadır.