Növbəti təqdimatın ünvanı Xaçmaz rayonu oldu
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edir. İl ərzində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir rayonlarının təqdimatları keçirilib. Oktyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşan növbəti təqdimat Xaçmaz rayonuna həsr olunmuşdu.
Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində qurulmuş stendlərdə bölgənin tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, folklorunu, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə tanış oldular. Stendlərdə rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri də yer almışdı.
* * *
Sərgilərlə tanışlıqdan sonra teatrın zalında təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərir. Həyata keçirilən müvafiq dövlət proqramlarının icrası nəticəsində bölgələrdə yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilir, tarixi irsin bərpası və qorunması istiqamətində işlər görülür.
Nazir vurğuladı ki, Xaçmaz rayonu ilə bağlı təqdimat “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində təşkil edilən artıq səkkizinci belə tədbirdir: “Hər təqdimatda bölgələrimizin bir-birindən gözəl adət-ənənələrini, bölgənin özünəməxsusluğunu, nə qədər zənginliyə və müxtəlifliyə malik olduğunu daha aydın görürük. Xaçmaz rayonu da ölkəmizin digər bölgələri kimi qədim tarixə malik, milli-mədəni dəyərlərin qorunub inkişaf etdirildiyi bölgələrindən biridir. Son illər rayonda mədəniyyətin inkişafı üçün görülən işlər təqdirəlayiqdir. Burada ölkəmizdə ilk dəfə olaraq açıq havada qurulan şəxsiyyətlər muzeyi, regionun ən böyük xalça muzeyi, yeni tarix-diyarşünaslıq muzeyi kimi mədəniyyət ocaqları istifadəyə verilib. Xaçmaz mədəniyyətin və turizmin vəhdət şəklində inkişaf etdiyi rayonlarımızdandır.
Əbülfəs Qarayev bölgənin turizm potensialının da böyük olduğunu və bu sahənin inkişafı üçün addımlar atıldığını qeyd etdi: “Xaçmaz rayonu Azərbaycan turizmi üçün xüsusi önəm daşıyır. Rayon öz füsunkar təbiəti, tarixi abidələri ilə insanları cəlb edir. Nabran xüsusi diqqət mərkəzindədir. Nabranın turizm zonası elan olunması ilə bağlı lazımi işlər də görülür. Burada yaşayan əhalinin qonaqpərvərliyi, milli adət-ənənələrin qorunub saxlanması, milli mətbəxi də turizmin inkişafına müsbət təsirini göstərir”.
Nazir diqqətə çatdırdı ki, artıq ölkəmizdə beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb. O, Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərinin olduğunu qeyd etdi. Vurğulandı ki, “Bölgələrdən paytaxta” layihəsi də şəhər və rayonlarımızın mədəni və turizm potensialının nümayiş etdirilməsi, regionlararası mübadilənin gücləndirilməsi baxımdan əhəmiyyət kəsb edir.
* * *
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirdi ki, bu gün regionların sosial-iqtisadi və mədəni inkişafı ölkə başçısının diqqət və qayğısının nəticəsidir. Son illər Xaçmaz rayonunun da inkişafı ilə bağlı əhəmiyyətli proqramlar, yeni layihələr icra olunur. Rayonda turizmin inkişafı üçün əlverişli şərait var. İcra başçısı tədbirin əhəmiyyətindən söz açaraq vurğuladı ki, belə təqdimatlar hər bir regionun tarixini, ənənələrini, mədəni irsini geniş formada təbliğ və nümayiş etdirməyə imkan verir.
Sonra qarşılıqlı hədiyyələr təqdim olundu.
Xaçmazın müasir inkişafını, mədəni və tarixi zənginliyini əks etdirən videoçarx nümayiş olundu.
* * *
Mərasim rayonun incəsənət ustalarının konsert proqramı ilə davam etdi. Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzinin “Xəzər” instrumental ansamblının ifasında “Rəng”, Xudat şəhər Folklor evinin rəqs kollektivinin ifasında “Nəlbəki rəqsi”, Ukrobka kənd folklor kollektivinin rəqs qrupunun ifasında “Ləzginka” rəqsləri nümayiş olundu. Elminaz Mahmudova “Gözlərəm səni”, İlahə Vəliməmmədli “Eşqimi sönməyə qoymaram”, Elvin Ağaliyev “Şükriyyə”, Babək Əlisultanov “Mənim Azərbaycanım” mahnılarını ifa etdilər.
Qeyd edək ki, ilin sonunadək Zaqatala rayonu və Gəncə şəhərinin təqdimatının keçirilməsi planlaşdırılır.
Fariz Hüsynov