Oktyabrın 19-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet resursu - www.mct.gov.az saytının yenilənmiş versiyasının təqdimat mərasimi keçirildi.

Təqdimatla çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov saytın yeni versiyasının üstünlükləri, dizaynı, funksional imkanları barədə məlumat verdi. Bildirildi ki, nazirliyin hazırkı saytı 2007-ci ildən fəaliyyət göstərir və ötən müddətdə sayt bir sıra texnoloji yenilikləri, imkanları özündə əks etdirib. Bununla belə, zaman dəyişir, informasiya texnologiyaları sürətlə yenilənir. Bu baxımdan nazirliyin rəsmi internet resursunun yenilənmiş versiyası öz funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir. Saytın əvvəlki versiyasında informasiya bazası kifayət qədər ağır idi və bu, saytdan istifadə sürətinə də təsir edirdi. Yenilənmiş versiyada informasiya tutumu nisbətən yüngülləşib. Müvafiq bölmələrdə zəruri informasiyalar verilməklə daha təfərrüatlı informasiya alınması üçün keçidlər yerləşdirilib. Eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə də keçidlər verilib.
Yenilənmiş saytın fərqləndirici cəhətlərindən biri də “Afişa” bölməsinin (teatr, kino, musiqi, sərgi və muzeylər) əhatəli, dolğun və sürətli keçid imkanları ilə təqdim olunmasıdır. Sayt üç dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərəcək. Dizaynda nazirliyin korporativ rənglərindən və loqolarından istifadə edilib.
Təqdimatda yenilənmiş saytın bölmələri barədə məlumat verildi. Qeyd olundu ki, saytda vətəndaşların online şəkildə (o cümlədən birbaşa rəhbər şəxslərə) müraciət etməsi üçün imkan yaradılıb. Hər ay nazirliyə e-mail, həmçinin sosial şəbəkələr vasitəsilə minə yaxın müraciət daxil olur və cavablandırılır. İlin sonunadək isə nazirliyin 147 çağrı xətti tam istifadəyə veriləcək.
Şöbə müdiri saytda nazirliyin fotobankının yaradılması üçün də müvafiq işlərin görüldüyünü vurğuladı. Müvafiq texniki-təşkilatı məsələlər həll edildikdən sonra www.mct.gov.az saytının yeni versiyası gələn həftədən istifadədə olacaq.
Mədəniyyət və Turizm Nazirliyi Texniki təchizat və proqram təminatı şöbəsi müdirinin müavini Qabil Abbasov nazirlikdə həyata keçirilən elektron xidmətlər haqqında məlumat verdi. Bildirdi ki, hazırda 12 xidmət üzrə fəaliyyət elektron formada həyata keçirilir. Nazirlik tərəfindən “Elektron hökumət” portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyalar elektron formada verilir. Nazirliyin layihəsi olan elektron naviqator - GoMap.az xəritəsinə yeni xidmətlər inteqrasiya olunub, o cümlədən həm yerli vətəndaşlar, həm də ölkəmizə gələn turistlər üçün faydalı olacaq yenilik (məsələn, şəhərdəki “London” taksiləri ilə gediləcək məsafə və ödəniləcək məbləği qabaqcadan öyrənmək) edilib.
Bildirildi ki, nazirliyin təqdim etdiyi elektron xidmətlərdən olan ALİSA (Automated Library System of Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana sisteminə artıq 30-dan çox kitabxana qoşulub. Ölkəmizdəki bütün kitabxanaların bu şəbəkəyə qoşulması üçün müvafiq işlər görülür.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aparılan struktur islahatlarının əhəmiyyətindən danışdı: “Bu gün dünyada gedən proseslər, informasiya texnologiyalarının inkişafı məlumatların qısa bir zamanda yayılmasını təmin edir. Bununla bağlı ölkəmizdə də müvafiq işlər görülür, “Elektron hökumət” portalı istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz də bu sahədə öz işimizi günün müasir tələblərinə uyğun şəkildə qurmalıyıq. Ötən ilin axırlarında nazirlikdə islahatlar aparıldı və yeni şöbə yaradıldı. Bu gün yenilənmiş formada təqdim olunan sayt da həyata keçirilən struktur islahatlarının məntiqi nəticəsidir”.
Əbülfəs Qarayev bildirdi ki, “Elektron hökumət” vasitəsilə 17 istiqamət üzrə xidmətin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb: “Biz 12 xidmətin həyata keçirilməsini təmin etmişik. Qalan xidmətlərin də gələn ilin yayına kimi həyata keçirilməsini planlaşdırırıq”.
Nazir elektron layihələr sırasında GoMap-ın işini xüsusi qeyd etdi. Bildirildi ki, Gürcüstan bu sistemə qoşulub, Türkiyə də bu sistemdən yararlanmaq istəyir. Gün ərzində 17 mindən çox insan bu naviqatordan yararlanır. Amma bu rəqəmi qat-qat artırmaq olar. Bunun üçün elektron layihələr daha geniş miqyasda tanıdılmalı, ictimaiyyətə çatdırılmalıdır.
Əbülfəs Qarayev bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin yanında yeni yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı təbliğat işlərinin gücləndirilməsinə də xüsusi ehtiyac var. Bununla bağlı da yenilənmiş saytda dolğun məlumatlar yerləşdirilməlidir.
Nazir görülən təqdirəlayiq işlərlə yanaşı, bu sahədə çatışmazlıqların da olduğunu vurğuladı. Bildirdi ki, müasir dövrdə informasiyaların daha düzgün və operativ şəkildə işıqlandırılması vacibdir: “Mədəniyyət və turizm sahəsində çalışan hər bir şəxs keçirilən tədbirin, görülən işin işıqlandırılmasına çalışmalıdır. Əgər keçirilən tədbir işıqlandırılmasa, deməli, o tədbir heç keçirilməmişdir”.
Əbülfəs Qarayev elektron xidmətlər, informasiya təminatı, eləcə də nazirliyin yenilənmiş saytının gələcək fəaliyyəti ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar