Azərbaycanın Özbəkistandakı səfirliyinin, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin ölkəmizin Müstəqillik Günü münasibətilə elan etdiyi “Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinə yekun vurulub.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İştirakçılar ulu öndər, Azərbaycanın tarixi, bugünkü inkişafı, Qarabağ həqiqətləri, mədəniyyətimizlə bağlı nəşrlərlə, milli suvenirlərimizlə tanış olublar.
Mərasimdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, müsabiqənin məqsədi Özbəkistanın KİV-lərində Azərbaycan haqqında daha çox informasiya verilməsi və ölkəmizin təbliğ olunmasıdır. Müsabiqə “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanda turizm” və “Azərbaycan ədəbiyyatı” nominasiyaları üzrə keçirilib.
Bu nominasiyalarda prdrobno.uz portalının müxbiri Andrey Teşaev, sharh.uz saytının əməkdaşı Şərafətdin Tulaqanov və uchildiz.uz portalının müxbiri Dilbar Turqanova birinci, kultura.uz mədəniyyət saytının əməkdaşı Rimma Sabircanova, silkway.uz portalının müxbiri Sergey Savçuk Kurbanov, “Kitob dunyasi” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova ikinci yerlərə layiq görülüblər. Uchildiz.uz portalının əməkdaşı Tulkin Eşbek “Azərbaycanda turizm” nominasiyası üzrə üçüncü yeri tutub. Qaliblərə səfirliyin diplomu və pul mükafatları təqdim edilib.
Hüseyn Quliyev şair və tərcüməçi Usman Kuçkar Azərbaycan yazıçısı Yunus Oğuzun “Şah arvadı və cadugər” kitabını, jurnalist Rüstəm Cabbarova isə “Azərbaycan yazıçılarının hekayələri” toplusunu özbək dilinə tərcümə etdiklərinə görə “Ən yaxşı tərcümə” nominasiyasında təltif olunublar.