Xəbər verdiyimiz kimi, 19-23 oktyabr tarixində Türkiyənin İzmir şəhərindəki Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə “Dədə Qorqud və türk dünyası” adlı III Beynəlxalq Türk Dünyası Mədəniyyəti Konqresi keçirilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində bu sətirlərin müəllifinin də qatıldığı tədbirdə 22 ölkədən 330-dan çox iştirakçı vardı. Beynəlxalq konqres “Kitabi-Dədə Qorqud” dastanının dünya elm aləminə məlum olmasının 200 illiyi münasibətilə təşkil edilmişdi.
Konqresi giriş sözü ilə Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Metin Ekici açaraq 1992-ci ildən fəaliyyət göstərən qurumun gördüyü işlərdən danışdı. O, institutun ənənəvi olaraq türk dəyərlərinin dünyaya tanıdılması ilə bağlı beynəlxalq tədbirlər keçirdiyini, bu toplantıların türk boylarını öyrənmək və birləşdirmək baxımından böyük önəm daşıdığını vurğuladı.
Ege Universitetinin rektoru, professor, xanım Candəyər Yılmaz çıxışında 60 ildir fəaliyyət göstərən təhsil ocağı barədə danışdı, ümumtürk irsinin öyrənilməsi və təbliğinə xidmət edən belə beynəlxalq tədbirlərin keçirilməsinə hər zaman yardımçı olacaqlarını söylədi.
Beynəlxalq konqresə dəstək verən qurumların rəhbərləri çıxış edərək tədbirin türk dünyası üçün önəmindən söz açdılar, bu toplantıda elm adamlarının timsalında türk dünyasının bir araya gəldiyini qeyd etdilər.
Açılışdan sonra məşhur türkoloqlar Fikrət Türkmən, Əhməd Bican Erculasun və Saim Sakaoğlunun “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı məruzələri dinlənildi.
AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlunun “Bamsı Beyrək boyunda yalançı qəhrəman problemi” mövzusunda məruzəsi də maraqla qarşılandı. Sonra o, Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Metin Ekiciyə milli musiqi alətlərimizdən ibarət suvenir hədiyyə etdi.
Sonrakı günlərdə konqres işini bölmə iclaslarında davam etdirdi.
Konqresdə oğuz türklərinin böyük mənəvi abidəsi, xəzinəsi olan “Kitabi-Dədə Qorqud”un türk həyatı, tarixi, dili, sənəti, elmi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, coğrafiyası, dövlət idarəçiliyi və başqa sahələrə təsiri mövzularında məruzələr təqdim olundu.
Ölkəmiz konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor, Əlyazmalar, Ədəbiyyat və Dilçilik institutlarının, eləcə də Bakı Dövlət, Bakı Slavyan, Naxçıvan Dövlət universitetlərinin əməkdaşları (professorlar Vaqif Sultanlı, Əli Şamil, Füzuli Bayat, Bədirxan Əhmədov, Tərlan Quliyev, Piralı Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və başqaları) ilə təmsil olunurdu. Bölmə toplantılarında Azərbaycan alimləri də fəal iştirak etdilər. Çıxışçılara iştirak haqqında sertifikatlar təqdim olundu.
Hər iclas gününün sonunda Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Xakasiya, Tuva və Yakutiyadan olan sənətkarların ifasında xalq musiqiləri səslənirdi. Ölkəmizi bu musiqi proqramlarında tarzən Şəhriyar İmanov təmsil edirdi.
Beynəlxalq konqres UNESCO-nun Türkiyə Milli Mərkəzi, Yunus Əmrə İnstitutu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və “TRT Avaz” kanalının dəstəyi ilə gerçəkləşdi.

S.Soltanlı,
İzmir-Bakı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar