Oktyabrın 26-27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində muxtar respublika Ali Məclisinin sədri yanında Bilik Fondu və Naxçıvan Dövlət Universiteti ilə birgə “Naxçıvanda Dədə Qorqud” adlı beynəlxalq elmi simpozium keçirilib.
Simpoziumu açan muxtar respublika Ali Məclisi Aparatının şöbə müdiri Rəhman Məmmədov tədbirə Azərbaycanın nüfuzlu tədqiqatçıları ilə yanaşı Türkiyə və İranın ali təhsil müəssisələrinin nümayəndələrinin də qatıldığını bildirib.
Qeyd olunub ki, hələ 1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ərəfəsində Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılıb və Dədə Qorqud meydanı yaradılıb. Bu il dastanın dünya elminə tanıdılmasının 200 illiyi münasibətilə də muxtar respublikada bir sıra tədbirlər həyata keçirilib. Televiziya filmi, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının təkmilləşdirilmiş ikinci nəşri hazırlanıb, sərgilər, “açıq dərslər” və s. təşkil olunub.
Vurğulanıb ki, muxtar respublikada “Kitabi-Dədə Qorqud”la bağlı çoxsaylı yer-yurd adları mövcuddur. Dastanda adıçəkilən Qaraçuq kəndi, Dana qalası, Əyrək və Oğuzdaşı kəndləri, Qazan bağı, Ağ qaya, Altuntaxt, Günortac, Sarı bulaq, Xan yurdu, Qazan göl, Qazangöl dağı, Qara dərə, Əlincə dağı və s. yer adları “Kitabi-Dədə Qorqud” boylarındakı hadisələrin əsasən Naxçıvan ərazisində cərəyan etdiyini göstərir. Ümumilikdə Naxçıvanda “Kitabi-Dədə Qorqud” boyları və onlardakı süjetlərlə bağlı 50-dən artıq toponim müəyyənləşdirilib.
Simpoziumda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylininin “Dədə Qorqud ideyaları və müasirlik”, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Dədə Qorqud və Naxçıvan folkloru”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Kitabi-Dədə Qorqud”un Naxçıvanla bağlılığı”, Türkiyənin İğdır Universitetinin professoru Turqut Öcalın “Kitabi-Dədə Qorqud”da islami dəyərlər”, Təbriz Universitetinin professoru İbad Məmizadə Ağdaşlının “İranda Dədə Qorqudun tədqiqi və nəşri məsələləri” mövzularında məruzələri dinlənilib.
Simpoziumun ikinci günü bölmə iclasları ilə davam edib. Alimlər “Kitabi-Dədə Qorqud”un Naxçıvanla bağlılığının daha dərindən araşdırılması baxımından tədbirin mühüm elmi əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbirin bağlanış mərasimində bölmə sədrlərinin hesabatları dinlənilib. AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, professor Məhərrəm Qasımlı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev bölmə iclaslarında dinlənilmiş məruzələr, elmi nəticələr barədə danışıblar.
Sonda simpozium iştirakçılarına xatirə plaketləri təqdim olunub. Simpozium iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzi və muxtar respublikanın görməli yerləri ilə də tanış olublar.