Konfransda çıxış edən Əbülfəs Qarayev müsəlman dünyasını Azərbaycanın işğal olunmuş ərazilərində islam irsinin məhv edilməsi ilə bağlı mövqe nümayiş etdirməyə çağırıb

Noyabrın 2-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb. Konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Tədbirin açılışında Omanın irs və mədəniyyət naziri Səyyid Haytam bin Tariq Əl Səid çıxış edərək islam ölkələrini təmsil edən nazirləri ölkəsində qəbul etməkdən və bu tədbirə təşkilati dəstək verməkdən məmnunluqlarını ifadə edib.
İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri konfransda iştirak edən 40 ölkənin nazirlərinə və nümayəndə heyətlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, islam mədəniyyətinin inkişafı üçün məqsədyönlü siyasətin aparılması gündəmdədir və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsində mədəniyyət mühüm rol oynayır.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəni çıxışında müsəlman ölkələri ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkilatların birləşərək terror hadisələri nəticəsində dağıdılan islam irsi və mədəniyyəti nümunələrinin qorunmasına daha çox səy göstərməsinin vacibliyini vurğulayıb. O, son zamanlar dünyada cərəyan edən islamafobiyadan və silahlı qarşıdurmalar, terror nəticəsində yurd-yuvasını tərk edərək Avropaya axın edən qaçqınlara göstərilən münasibətdən narahatlığını ifadə edib.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək İSESCO İcraiyyə Şurasının 36-cı iclası və 12-ci Baş Konfransı haqqında geniş məlumat verib, tədbir iştirakçılarını Azərbaycan paytaxtına dəvət edib. Son illərdə müsəlman ölkələri ilə əməkdaşlıq edən beynəlxalq təşkilatların Bakıda çoxsaylı tədbirlərinin təşkilini xatırladan nazir 2016-cı il aprelin 25-dən 27-dək paytaxtımızın ev sahibliyi edəcəyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə də konfrans iştirakçılarını məlumatlandırıb. Həmçinin 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında iştirakçılara məlumat verilib.
Nazir çıxışında Azərbaycan Prezidentinin təşəbbüsü ilə təməli qoyulan “Bakı Prosesi” və bu il 3-cü dəfə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tolerantlığa və multikulturalizmə xidmət etməsi barədə geniş bəhs edib. Qeyd edib ki, Azərbaycan tolerant ölkə nümunəsini dünyaya əyani şəkildə göstərməkdədir.
Mədəniyyət və turizm naziri tədbirdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qəsbkarlar tərəfindən islam irsinin dağıdılması və məhv edilməsi barədə məsələ qaldırıb, bu məsələdə müsəlman dünyasının öz mövqeyini nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Görüşlər və müzakirələr

Nazir Əbülfəs Qarayev konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Əmin Mədəni ilə görüşdə 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunlarının mədəni proqramının təşkili məsələsi müzakirə olunub. Bildirilib ki, islam irsinin və mədəniyyətinin bu Oyunlar vasitəsilə təqdim olunması gözəl təcrübə ola bilər. Bu məsələnin geniş tərkibdə Bakıda 23-27 noyabr tarixində keçiriləcək İSESCO İcraiyyə Şurasının iclası və 12-ci Baş Konfransında müzakirə olunması qərara alınıb.
Səudiyyə Ərəbistanın mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi ilə görüşdə iki ölkə arasında mədəniyyət haqqında sazişin şərtlərinə baxılması müzakirə edilib. Səudiyyə Ərəbistanı naziri Əbülfəs Qarayevi bu ilin dekabr ayında Ciddə şəhərində keçiriləcək beynəlxalq kitab sərgisinə dəvət edib və bildirib ki, o, Azərbaycan ədəbiyyatı və incəsənəti ilə tanışdır. Öz növbəsində Əbülfəs Qarayev həmkarını bu vəzifəyə yeni təyin olunması münasibətilə təbrik edib və onu ölkəmizdə keçiriləcək İSESCO İcraiyyə Şurasının iclasına və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna dəvət edib.
Küveyt Dövlətinin informasiya, gənclərlə iş üzrə dövlət naziri Şeyx Salman Sabah Səlim Əl Həmmud Əl Sabahla görüşdə də mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə mövzusu olub. Küveyt naziri bildirib ki, ölkəsində turizm və mədəniyyət sahəsi birləşərək vahid qurum yaradılmaqdadır və gələcəkdə əməkdaşlıq çərçivəsində ölkəmizlə təcrübə mübadiləsi aparıla bilər. Əbülfəs Qarayev Azərbaycanın bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Qətər Dövlətinin mədəniyyət, incəsənət və irs naziri Həməd bin Əbdüləziz Əl Kavan ilə söhbət zamanı mədəni əlaqələrin inkişafı və islam irsinin dünyada daha geniş tanıdılmasında birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev Misirin mədəniyyət naziri Muhəmməd Saber İbrahim ilə də görüşüb. Söhbət zamanı mədəni mübadilə müzakirə olunub. Nazir həmkarını ölkəmizə səfərə dəvət edib.
İSESCO-nun baş katibi, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əli Cənnəti ilə görüşdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin təfərrüatları müzakirə edilib. Əbülfəs Qarayev bu tədbirlərin yüksək səviyyədə təşkilinə əmin olduğunu bildirib.

İSESCO-nun fəaliyyətindən bəhs edən fotosərgi

Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində qurumun fəaliyyətini özündə əks etdirən sərgi təşkil edilib.
Sərgidə müxtəlif dövrlərdə İSESCO-nun keçirdiyi və iştirak etdiyi tədbirlərdən fotostendlər nümayiş olunur. Həmçinin İSESCO-nun hesabat xarakterli bir sıra çap məhsulları, eləcə də Omanın mədəniyyətini və turizm imkanlarını özündə əks etdirən nəşrlər təqdim edilir.
Sərginin mədəniyyət paytaxtlarından bəhs edən bölməsində 2009-cu ildə Bakının “İslam mədəniyyəti paytaxtı” olması barədə fotolar da yer alıb. Fotolarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2009-cu ildə xüsusi lövhənin təqdim olunması, İSESCO baş direktorunun Prezident tərəfindən ordenlə təltif olunması əksini tapıb. Sərginin İSESCO-nun xoşməramlı səfirləri bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fotoları nümayiş olunur.
Qeyd edək ki, İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı noyabrın 4-də işini başa vuracaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar