Noyabrın 5-də Bakı Xoreoqrafiya Akademiyasında BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 26-cı ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Hüquqlarımız haqqında nə bilirik?” mövzusunda bilik qiymətləndirilməsi üzrə test və seminar keçirildi.
Tədbir respublikamızda keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə təşkil olunmuşdu.
İlyas Əfəndiyev Beynəlxalq Fondunun təşkilatçılığı ilə ekspertlər tərəfindən hazırlanmış test tapşırıqları yuxarı sinif şagirdlərinin uşaq hüquqlarına dair biliyinin qiymətləndirilməsini nəzərdə tutur. Test qiymətləndirilməsi akademiyanın şagirdləri tərəfindən müsbət qarşılandı.
Sonra tədris ocağının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə şagirdlərlə diskussiya apardı.
Bildirildi ki, uşaq hüquqları konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Konvensiya BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir, uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir.
Daha sonra şagirdlərlə fərdi söhbətlər aparıldı. Şagirdlər aktivlik nümayiş etdirərək onları maraqlandıran suallara cavab tapmaqla yanaşı, həm də şəxsi fikir və münasibətlərini bildirdilər.
* * *
Qeyd edək ki, noyabrın 3-də Bakı Xoreoqrafiya Akademiyasında “Uşaq hüquqları aylığı” tədbirləri çərçivəsində “Milli və beynəlxalq qanunvericilikdə uşaq hüquqları” mövzusunda seminar keçirilib.
Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi Sonaxanım İbrahimova təhsil müəssisələrində uşaqlara hüquqi biliklərin aşılanmasının ümdə məsələlərdən biri olduğunu diqqətə çatdırıb.
Uşaq hüquqları üzrə Respublika QHT Alyansının sədri Nazir Quliyev uşaq hüquqlarına dair respublikada görülən işlər, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi barədə geniş məlumat verib. Qeyd edib, bu gün uşaqların internetdən, sosial şəbəkələrdən, mobil telefonun imkanlarından istifadə etməsi hüquqların genişliyindən xəbər verir. Lakin hər bir sahədə olduğu kimi, hüquqlar pozulmamaq şərti ilə ictimai nəzarət və bu sahəyə konseptual yanaşma böyük əhəmiyyət kəsb edir.
İnteraktiv şəkildə təşkil olunmuş seminarda qonaq şagirdləri maraqlandıran sualları cavablandırıb.
Lalə Azəri