Noyabrın 5-də Muzey Mərkəzinin sərgi qalereyasında “Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi oldu. Biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” art qalereyası və Muzey Mərkəzidir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları salamlayaraq paytaxtımızın növbəti dəfə sənətsevərləri bir araya gətirən beynəlxalq tədbirə ev sahibliyi etdiyini bildirdi. Qeyd etdi ki, artıq üçüncü dəfə gerçəkləşən “Fusion Doll” Beynəlxalq Kukla Biennalesi ötən illər ərzində öz auditoriyasını toplaya bilib. 2011 və 2013-cü illərdə təşkil olunan biennale maraqlı təqdimatlarla yadda qalıb, müəllif kukla sənəti sahəsində peşəkarların görüş yerinə çevrilib.
Bir çoxları maraqlana bilər ki, niyə kukla biennalesinin adında “fusion” sözü yer alıb. “Fusion” bütün incəsənət növlərində bir sintez, eksperiment, improvizasiya xarakteri daşıyan anlayışdır. Kukla sənəti öz daxilində, xüsusilə də müəllif kukla yaradıcılığı özlüyündə bir neçə sənəti əks etdirən incəsənət növüdür. Buna görə də təşkil olunan biennale belə bir adla təqdim edilir. Bəzən kukla sənətinə incəsənət növü kimi sadə yanaşılır. Bakıda keçirilən “Fusion Doll” biennalesi, sözün əsl mənasında, yaradıcılığın gözəl ifadəsidir. Burada müəlliflər öz daxili düşüncə və fantaziyalarını yaradıcılıq nümunələri ilə ifadə edərək bizlərə təqdim edirlər.
Bu il biennaledə 7 ölkənin təmsil olunduğunu deyən nazir bütün nümayəndələrə təşəkkürünü bildirdi: “İnanıram ki, müəlliflər tərəfindən təqdim edilən sənət nümunələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacaq və şəhərimizin qonaqlarında da maraq doğuracaq”.
2013-cü ildə Azərbaycanda ilk dəfə “Kukla” art qalereyasının fəaliyyətə başladığını diqqətə çatdıran nazir qeyd etdi ki, bundan sonra ölkəmizdə bu sənətə maraq daha da artıb. Bu gün biennalenin təşkilatçıları sırasında iştirak edən “Kukla” art qalereyasının təqdim etdiyi layihələr öz qeyri-adiliyi ilə seçilir, onların hər birində müəlliflərin düşüncə və fəlsəfi baxışlarının təcəssümü hiss olunur. Nazir biennalenin işinə və iştirakçılara uğurlar arzuladı.
Mərasimdə çıxış edən Ukraynanın “Modnaya kukla” beynəlxalq qalereyasının (Kiyev) direktoru Yuri Şumanski Bakıda keçirilən biennaledə iştirakından məmnunluğunu ifadə etdi. O, digər iştirakçı ölkələrin kukla ustalarına sərgidə uğurlar arzuladı. Mədəniyyət və Turizm Nazirliyinə belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirən Y.Şumanski Kiyevdə təşkil ediləcək növbəti kukla sərgisində azərbaycanlı həmkarlarını da görmək istədiyini dedi.
Sonra biennalenin təşkilatçılarına və iştirakçılarına diplomlar təqdim edildi.
Qeyd edək ki, noyabrın 10-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın kukla ustaları iştirak edir. Ölkəmizi tanınmış sənətkarlar Pərviz Hüseynov, İrina Qundorina, Tamilla Qurbanova, eləcə də rəssamlar Anarə Salmanova, Zinaida Həsənova, Nübar Şahbazova, Alla Liçnorovskaya, Fərəh Əliyeva, Olqa Abbasova təmsil edirlər.
Son 25 il ərzində kukla sənəti dünya mədəniyyəti irsi olaraq təsviri incəsənət növləri arasında öz layiqli yerini tutmaqdadır. Bu gün məşhur kukla ustalarının işləri nəinki bir sıra ölkə rəhbərlərinin şəxsi kolleksiyalarında, həmçinin dünyanın ən məşhur muzey və qalereyalarında saxlanılır. Hazırda bədii kuklaların təxminən 20 istiqaməti mövcuddur və bunların arasında klassik, interyer, konseptual, kukla art-obyekt kimi, feşn-kukla, treş-kukla, qotik və s. qeyd etmək olar. Təkcə incəsənət aspektindən deyil, eləcə də texniki nöqteyi-nəzərdən müxtəlif təsnifatların siyahısı hər zaman artır.
Bakıda I və II kukla biennaleləri də payızda (noyabr) keçirilib. Bu zaman seçimi təsadüfi deyil. Payız təbiətin isti rənglərinə boyanmış yetkinliyin gözəlliyidir. Həmçinin isti günəşlə leysan yağışın bir-birini əvəzləməsi də qadın şıltaqlığına bənzəyir. Nəhayət, bu, tamaşaçıların kukla cildindəki əfsanəvi qəhrəmanları görə biləcəyi bir sirli bağçadır. Sərginin musiqi leytmotivi “Secret Garden” qrupunun və Norveç bəstəkarı Rolf Lövlandın romantik melodiyalarıdır. Sərginin ekspozisiyasının özü isə həm də fortepiano prinsipinə görə qurulub - vizual olaraq eksponatlar dəyişərək bəzən forte - yüksək və bəzən də piano - sakit səslənirlər.
Noyabrın 6-dan etibarən kütləvi ziyarətə açıq olan sərgidə paytaxtımızın sakinlərini unudulmaz yüksək incəsənət bayramı - müəllif kuklaları sənəti ilə tanışlıq gözləyir.
Lalə Azəri