Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 6-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Sonra nazir Xırdalandakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olub, parkın ərazisində yerləşən Bayraq meydanı, “Park Abşeron” əyləncə mərkəzi, Xırdalan şəhər uşaq musiqi məktəbi və Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Mədəniyyət ocaqlarının fəaliyyəti, burada yaradılan şərait barədə nazirə məlumat verilib. Nazir uşaq musiqi məktəbinin kollektivinin çıxışını dinləyib. Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzi ilə də tanış olub, burada yaradılan guşələrə, fotoekspozisiyaya baxıb.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Sumqayıt sakinlərinin müraciətlərində şəhərdə yeniyetmələrin vokal müsabiqəsinin təşkili, xarici ölkələrdə keçirilən festivallarda bədii özfəaliyyət kollektivlərinin iştirakının təmin edilməsi, ölkəmizin mədəni irsi haqqında kitabın hazırlanması, Sumqayıtda turizmin inkişafına dair təkliflər əks olunub.
Abşeron rayonundan qəbula gələn vətəndaşlar Masazır kəndində köhnə bələdiyyə binasının mədəniyyət müəssisəsi kimi uyğunlaşdırılması, uzun müddət bu sahədə çalışan mədəniyyət işçilərinin mükafatlandırılması, özfəaliyyət kollektivləri haqqında "Mədəniyyət" kanalında verilişlərin hazırlanması, Azərbaycan xalçalarının təbliği ilə bağlı xahiş və təkliflərini səsləndiriblər. Aşıq Ulduz Quliyeva yubileyinin keçirilməsinə göstərdiyi dəstəyə görə nazirə minnətdarlığını bildirib.
Xızı sakinlərinin müraciətləri rayondakı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yeni binaya köçürülməsi ilə əlaqədar mövcud fondun zənginləşdirilməsi, Sitalçay kəndi yaxınlığındakı "Xanəgah" qədim yaşayış yerində tədqiqat işlərinin aparılmasına köməklik göstərilməsi barədə olub.
Şuşa, Zəngilan və Qubadlı rayonlarından məcburi köçkünlər də qəbulda müxtəlif məsələləri qaldırıblar.
Şuşa rayon Mədəniyyət evinin istedadlı muğam ifaçılarının və rəqs qruplarının nazirliyin keçirdiyi tədbirlərdə iştirakı, yeni təmir olunmuş uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi barədə müraciətlər edilib.
Zəngilandan məcburi köçkünlərin məskunlaşdığı Sabirabad rayonu Şəhriyar kəndində bərpa olunmuş kitabxananın fondunun zənginləşdirilməsinə köməklik göstərilməsi xahiş edilib. Qubadlı sakinlərinin müraciətləri isə məskunlaşdıqları Sumqayıt şəhəri ərazisindəki hərbi hissələrdə səyyar kitabxanaların təşkili barədə olub. Bundan əlavə, bir sıra sosial məsələlər, işlə təminatla bağlı xahişlər də diqqətə çatdırılıb.
Qəbula gələn vətəndaşları diqqətlə dinləyən nazir ayrı-ayrı məsələlərlə əlaqədar şəxslərə tapşırıqlar verib.
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər bir çox məsələlərin operativ həllinə zəmin yaradır. O, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib, hər görüşdə maraqlı təkliflərin, faydalı təşəbbüslərin irəli sürüldüyünü bildirib.
Nazir tarixi abidələrin qorunması və bərpası məsələlərinə vətəndaşların maraq göstərməsini xüsusilə təqdir edib. Bildirib ki, dövlət başçısının fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə layihələr həyata keçirəcək. Yaxın vaxtlarda 50-dək tarixi abidənin bərpa və konservasiyası nəzərdə tutulur.
Nazir ölkəmizin turizm imkanlarının təbliği və inkişaf etdirilməsi istiqamətində müraciətlərin də nəzərdən keçiriləcəyini, qəbulda səsləndirilən bütün faydalı təkliflərin həyata keçməsi üçün müvafiq addımların atılacağını deyib.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar