Milli rəqs sənətimizin görkəmli nümayəndəsi Əlibaba Abdullayevin yubileyinə həsr olunmuş seminar
Noyabrın 12-də Bakı Xoreoqrafiya Akademiyasında tanınmış rəqqas, Xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş “Ustad sənətkar” adlı elmi-praktik seminar keçirildi.
Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova qonaqları salamlayaraq bildirdi ki, Xalq artistinin 100 illik yubileyi mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilir. Filarmoniyada keçiriləcək yekun yubiley tədbirinə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də böyük şövqlə hazırlaşırlar. Azərbaycan rəqs sənətinə böyük töhfələr vermiş Əlibaba Abdullayevin sənət yolu bu gün təhsil ocağında uğurla davam etdirilir.
Sonra akademiyanın milli rəqslər kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli ustad sənətkarın həyat və yaradıcılığı haqqında məruzə etdi. Bildirdi ki, Azərbaycan professional rəqs sənətinin banilərindən olan Əlibaba Abdullayev xoreoqrafiya və milli rəqslərimizdə böyük məktəb yaradıb.
Natiq rəqqasın Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan Dövlət Filarmoniyasında yaratdığı rəqs ansamblının tarixindən danışdı. Qeyd edildi ki, görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Soltan Hacıbəyov, Cahangir Cahangirovla birlikdə kənd və qəsəbələri gəzən rəqqas folklor rəqs nümunələrimizi toplayaraq onları böyük səhnəyə çıxarıb. İlk dəfə Bakıda özfəaliyyət rəqs kollektivlərinin yaradılmasında da sənətkarın böyük əməyi olub. Bu kollektivlər Əlibaba Abdullayevin quruluş verdiyi rəqslərlə ümumittifaq festivallarında uğurla çıxış edib. Ustad rəqqas beynəlxalq festivallarda ölkəyə 8 qızıl, 1 gümüş və 3 bürünc medal qazandırıb. Sənətkar 20-dən artıq bədii, 80-dək sənədli və televiziya filmində rəqslərə, Musiqili Teatrda isə 30-a yaxın rəqsə quruluş verib.
Tədbirdə Əlibaba Abdullayevin yetirmələri olmuş Xalq artisti, rəqqasə Roza Cəlilova, əməkdar artistlər Aliyə Ramazanova, Kamil Dadaşov, Əməkdar mədəniyyət işçisi Əli Əhmədov çıxış edərək xatirələrini bölüşdülər. “Naz eləmə” rəqsinin real tarixçəsi haqqında məlumat verən Roza Cəlilova onu da nəzərə çatdırdı ki, rəqqasın 1954-cü ildə quruluş verdiyi “Qaragöz” rəqsi 61 ildən sonra yenidən səhnəyə qayıdacaq. Bu rəqs ilk dəfə Moskva səhnəsində ifa edilib. Çıxış edənlər rəqs sənətimizdəki uğurlara görə böyük sənətkara ehtiramlarını ifadə etdilər.
Tədbirin sonunda Əlibaba Abdullayevin qızı Elmira xanım çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. Atasının yolunu davam etdirən rəqs sənətimizin nümayəndələrinə daim axtarışda olmağı arzuladı.
Seminar boyunca sənətkarın quruluş verdiyi rəqslərdən nümunələr, filmlərdən fraqmentlər nümayiş olundu. Akademiyanın tələbələrinin ifasında “Naz eləmə”, “Tərəkəmə” rəqsləri də böyük maraqla qarşılandı.
Lalə Azəri