Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edir. İl ərzində layihə çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir və Xaçmaz rayonlarının təqdimatları keçirilib. Noyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşan növbəti təqdimat Zaqatala rayonuna həsr olunmuşdu.

Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində qurulmuş stendlərdə bölgənin tarixini, mədəniyyətini, sosial-iqtisadi nailiyyətlərini, folklorunu, turizm imkanlarını əks etdirən sərgi ilə tanış oldular. Stendlərdə rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri də yer almışdı.
Sərgilərlə tanışlıqdan sonra teatrın zalında təqdimat mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müvafiq dövlət proqramlarının icrası nəticəsində bölgələrdə mədəniyyət ocaqları istifadəyə verilir, tarixi irsin bərpası və qorunması istiqamətində işlər görülür.
Vurğulandı ki, ilin əvvəlindən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi də regionların mədəni zənginliyini, müasir inkişafını nümayiş etdirmək məqsədi daşıyır: “Layihə çərçivəsində bu il üçün təqdimatlar yekunlaşmaq üzrədir. Bu gün layihə çərçivəsində artıq 9-cu təqdimat keçirilir. Bu tədbirlərin hər birində bölgələrimizin bir-birindən gözəl adət-ənənələrini, mədəni özünəməxsusluğunu, zənginliyini daha aydın şəkildə görürük”.
Zaqatala rayonunun da qədim tarixə malik, milli-mədəni dəyərlərin qorunub inkişaf etdirildiyi bölgələrimizdən biri olduğunu deyən Vaqif Əliyev rayonun geniş turizm imkanları ilə tanındığını diqqətə çatdırdı, bu sahənin inkişafı üçün addımlar atıldığını qeyd etdi: “Zaqatala rayonu Azərbaycan turizmi üçün xüsusi önəm daşıyır. Füsunkar təbiəti, tarixi abidələri ilə insanları cəlb edir və ən çox turist qəbul edən bölgələrimizdəndir. Burada yaşayan əhalinin qonaqpərvərliyi, milli adət-ənənələrin qorunub saxlanması, milli mətbəxi də turizmin inkişafına müsbət təsirini göstərir”.
Bildirildi ki, Zaqatala həmçinin Azərbaycanın yüksək multikulturalizm ənənələrinə malik bölgəsidir. Rayonda bir çox azsaylı xalqların nümayəndəsi mehribanlıq və qardaşlıq mühitində yaşayırlar.
Vaqif Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın dünyada tanıdılması üçün həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər, təqdimatlar keçirilir. “Bölgələrdən paytaxta” layihəsi də şəhər və rayonlarımızın mədəni və turizm potensialının nümayiş etdirilməsi, regionlararası mübadilənin gücləndirilməsi baxımdan böyük əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirdi ki, bu gün regionlarda müşahidə olunan sosial-iqtisadi və mədəni inkişaf ölkə başçısının diqqət və qayğısının nəticəsidir. Son illər rayonun inkişafı ilə bağlı əhəmiyyətli yeni layihələr icra olunur. Noyabrın 4-də Prezident İlham Əliyevin Zaqatalaya növbəti səfəri zamanı bir sıra obyektlərin açılışı həyata keçirildi. Rayonda turizmin inkişafı üçün əlverişli şərait var. İcra başçısı tədbirin əhəmiyyətindən söz açaraq vurğuladı ki, belə təqdimatlar hər bir regionun tarixini, irsini geniş formada nümayiş etdirməyə imkan verir.
Sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Zaqatala rayonunun müasir inkişafını, tarixi-mədəni zənginliyini əks etdirən videoçarx nümayiş olundu.

Mərasim rayonun incəsənət ustalarının konsert proqramı ilə davam etdi. Konsertdə "Şərq" instrumental ansamblı, Lahıc kənd mədəniyyət evinin "Qızılgül" rəqs qrupu, Danaçı kənd mədəniyyət evinin "Alazan" rəqs qrupu, "Hudulki" xalq rəqs kollektivi, Zaqatala rayon uşaq incəsənət məktəbinin müəllimlərindən ibarət xor kollektivi, habelə "Sədəf", "Buta", "İngiloy" rəqs qrupları çıxış etdilər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar