Türkmənistan Prezidentinin türkmən xalçaları haqqında kitabı Azərbaycan dilində nəşr olunub
Noyabrın 19-da Azərbaycan Xalça Muzeyində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən xalçalarına həsr olunmuş “Canlı əfsanə” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə Türkmənistan arasında mədəni əlaqələrin inkişafından, xalqlarımızın dərin tarixi köklərlə bir-birinə bağlılığından danışıb. Türkmənistan Prezidentinin “Canlı əfsanə” adlı kitabının Azərbaycan dilində nəşr olunmasının xalqlarımızın bu qədim sənət növü ilə yaxından tanışlığına şərait yaradacağı vurğulandı. Qeyd olundu ki, Azərbaycan və Türkmənistan prezidentlərinin dəstəyi ilə sözügedən kitabın 2014-cü ildə Aşqabad şəhərində təqdimatı keçirilib.
Sevda Məmmədəliyeva Türkmənistanın dövlət başçısının xalqın mədəni irsinin qorunmasına və təbliğinə böyük diqqət yetirdiyini bildirdi: “Kitab türkmən xalçası haqqında dolğun və məzmunlu mətni, xalçaların gözəlliyini əks etdirən rəngarəng illüstrasiyaları və nəfis tərtibatı ilə diqqəti cəlb edir. Qurbanqulu Berdiməhəmmədov xalçaları türkmən xalqının qəlbi adlandırır. Bu bizim üçün anlaşılan hissdir. Belə ki, xalça Azərbaycanın da ən qiymətli maddi və mənəvi irsidir. Prezident İlham Əliyev maddi mədəniyyət nümunələrimizin qorunub yaşadılmasına böyük önəm verir. “Milli-mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz” deyən Prezidentimizin apardığı məqsədyönlü siyasət Azərbaycanın zəngin dəyərlərinin qorunması və beynəlxalq aləmdə təbliğinə yönəlib”.
Azərbaycan və türkmən xalqlarının qədim xalçaçılıq ənənələrinin olduğunu vurğulayan nazir müavini 2010-cu ildə Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salındığını diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanda xalça sənətinə yüksək səviyyədə dövlət qayğısı var. “Xalça sənətinin qorunması haqqında” qanun qəbul edilib. Ölkəmizdə xalça sənətinə həsr edilən beynəlxalq simpoziumlar təşkil edilir, tədqiqatlar aparılır, xarici dövlətlərdə xalça sərgiləri keçirilir. Xalça Muzeyinin yeni binası da dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edən “Türkmənhalı” Dövlət Birliyinin sədri, Türkmənistanın dövlət naziri Oqulhacat İşanqulıyeva “Canlı əfsanə” kitabının Azərbaycan dilində nəşri və Bakıda təqdimatının keçirilməsinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu kitab türkmən xalçalarının gözəlliyini, mahiyyətini, yaradıcı dəyərlərini göstərir: “Əsrlər boyu insanlar türkmən xalçalarını “sirlərdən toxunmuş gözəllik” adlandırmışlar, çünki türkmən xalçalarının özünəməxsus təsvir dili var və bu dil qədim türk irsinə məxsusdur. Xalça türklərin dünyanı ilmələrlə, naxışlarla, rənglərin və obrazların dili ilə ifadə etmə vasitəsidir. Buna görə də özünəməxsusluğu ilə seçilən türkmən xalçaları bəşər tarixinin bir çox sirlərinə naxışların dili ilə aydınlıq gətirən tarixi “kitabdır”. Bir türkmən məsəlində deyilir: “Xalçanı sər və mən sənə ürəyində olanı deyim”.
Xalqlarımızın mədəniyyəti, ənənələri və mədəni özünəməxsusluğunun qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edən türkmən nazir Azərbaycan rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, kitabın işıq üzü gördüyü “Şərq-Qərb” nəşriyyatına minnətdarlığını bildirdi.
Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov, "Azərxalça" İstehsalat Birliyinin baş direktoru Əlisəfa Nuriyev çıxış edərək kitabın əhəmiyyətindən danışdılar, xalçanın böyük sərvət olduğunu vurğuladılar.
Tədbirin sonunda Azərbaycan və Türkmənistan incəsənət ustalarının ifasında musiqi və rəqs nümunələri təqdim olundu.
Qeyd edək ki, 400 səhifədən ibarət nəfis tərtibatlı “Canlı əfsanə” kitabı Türkmənistanın Azərbaycandakı səfirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə ərsəyə gəlib. Kitabı rus dilindən Naibə Kərimli tərcümə edib.
Lalə Azəri