“Biz “Bakı prosesi” təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük”

Xəbər verdiyimiz kimi, noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər.

Forum UNESCO-nun yaradılmasının 70 illiyinə həsr edilib. Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq kitabına ürək sözlərini yazıb. Azərbaycan Prezidentinin və xanımının UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə qısa söhbətləri olub.
UNESCO Baş Konfransının 38-ci sessiyasının sədri, Namibiyanın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Stanley Mutumba Simataa tədbiri açaraq Liderlər Forumunun gündəliyi barədə məlumat verib. Müxtəlif ölkələrdən nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Forumda çıxış edən Azərbaycan Prezidenti ölkəmizin UNESCO-nun fəal üzvü olduğunu, 23 il ərzində qurumla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan, demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzalayıb və ratifikasiya edib. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb. Bu da Azərbaycana UNESCO donorlarından birinə çevrilmək imkanı verib.
Prezident qeyd edib ki, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri kimi tarixi abidələrimizin UNESCO-nun dünya irsi siyahısında da yer alması bizi fərəhləndirir. Azərbaycan qədim mədəniyyət, tarix, adət-ənənələr diyarı, eyni zamanda, müstəqilliyinin 24-cü ilini yaşayan gənc bir dövlətdir. Bu illər ərzində ölkəmiz mühüm uğurlar əldə edib.
Dövlət başçısı daha sonra deyib: “Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir. Ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. 40 min eksponatı olan 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, dini tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir”. Prezident Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal rol oynadığını vurğulayıb, bu istiqamətdə “Bakı prosesi”nin təşəbbüskarı olduğunu diqqətə çatdırıb: “Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq”.
Qeyd olunub ki, bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var: “Bakı prosesi” təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir. Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir. Bunun bir nümunəsi bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Biz 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Ola bilsin ki, uzun illər ərzində Azərbaycan və Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yer olaraq qalacaqdır”.
* * *
Forumdan sonra Azərbaycan Prezidenti və xanımı UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər. Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Daha sonra Azərbaycan Prezidenti və xanımı UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış olublar. Qeyd edilib ki, bu zalın və salonun yüksək səviyyədə təmir olunması Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib.
Dövlətimizin başçısı və xanımı ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinə baxıblar. UNESCO-nun mənzil-qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənir. Həmin heykəllər XII-XIII əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Eyyublu kəndindən tapılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva digər ölkələrin UNESCO-ya təqdim etdiyi abidələrə də baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar