Görkəmli şair-dramaturqa həsr olunmuş müsabiqənin nəticələri elan olundu

Noyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə yeni təsis edilən “Kaspi” mükafatının, “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomunun və eyniadlı kitabın təqdimatı oldu.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbiri açaraq Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında danışdı, görkəmli şair-dramaturqun Azərbaycan ədəbiyyatında romantizmin banilərindən olduğunu vurğuladı. Bildirildi ki, Hüseyn Cavid təkcə Azərbaycan ədəbiyyatının deyil, eyni zamanda türk dünyasının böyük şairlərindən biridir.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Kaspi” təhsil şirkətinin və qəzetin birgə layihəsi olan “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi haqqında məlumat verdi. Ötən il elan olunan müsabiqəyə 100-dək müəllifin məqalə təqdim etdiyini, 31 yazının münsiflər tərəfindən seçilərək sözügedən kitaba salındığını diqqətə çatdırdı.
AMEA Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli “Kaspi” təhsil şirkətinin Hüseyn Cavid irsinə qayğı və ehtiramını yüksək qiymətləndirdi: “Hüseyn Cavidin nəşinin vətənə gətirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və Azərbaycan ədəbiyyatına və Hüseyn Cavidə verilən ən böyük qiymət idi. Bu layihə klassik Azərbaycan ədəbiyyatına dərin hörmətin göstəricisidir”.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Kaspi” qəzetinin təşkilatçılığı ilə Hüseyn Cavidin əsərlərinin türk dilinə tərcümə olunduğunu və təbliğ edildiyini diqqətə çatdırdı. Bildirdi ki, Hüseyn Cavid irsinin araşdırılması və təbliğində qəzetin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın mühüm xidmətləri var.
Professorlar Kamran Əliyev, Cahangir Məmmədli və “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan Hüseyn Cavid yaradıcılığından, onun ədəbiyyatımızda rolundan danışdılar. Əməkdar artist Məmməd Səfa şairin “Görmədim” və “Nə imiş” şeirlərini səsləndirdi.
Sonda “Hüseyn Cavid. Vətənə qayıdış” müsabiqəsinin qaliblərinə mükafatlar verildi. Ziyadxan Əliyev (“Hüseyn Cavid romantizmi rənglərin işığında)” I, Elnarə Akimova (“Cavid yaradıcılığı: zamana baxış kontekstində”) II, Gülnarə Səma (“Cavidanə uçurum”) III yerə layiq görüldü. Günel Orucəliyeva, Nərgiz İsmayılova və İsgəndər Atillaya həvəsləndirici mükafat təqdim olundu.
Yeni təsis edilən “Kaspi” mükafatı isə Hüseyn Cavidin nəşinin vətənə gətirilməsində, ədib haqqında əhəmiyyətli materialların qorunub günümüzə çatdırılmasında xidmətləri olan Həmid Cəfərova təqdim edildi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar