Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək memarın zəngin fəaliyyətindən, milli memarlıq sənətimizə verdiyi töhfələrdən söz açıb.
Ölkə Prezidenti İlham Əliyevin 2015-ci il 1 iyun tarixli sərəncamı ilə Mikayıl Hüseynovun 110 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdıran Akif Əlizadə bu faktı Azərbaycanın memarlıq sənətinə diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Qeyd olunub ki, M.Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini yeni axtarışları ilə zənginləşdirib və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. Azərbaycanda yeni memarlıq məktəbinin yaradıcısı olan M.Hüseynovun təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da müxtəlif abidələrin, sənət nümunələrinin ərsəyə gəlməsində böyük əməyi olub. Onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvada və digər şəhərlərdə binalar tikilib. Memarın bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasında da mühüm xidmətləri var, onun elmi irsi gənc memarlar üçün örnəkdir.
Bildirilib ki, kraliça II Yelizavetanın himayəsi altında olan “Böyük Britaniya Asiya Cəmiyyəti” tərəfindən 1985-ci ildə təşkil edilən “Bakının memarlığı” sərgisində M.Hüseynovun əsərləri nümayiş etdirilib. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra azərbaycanlı memar cəmiyyətin fəxri üzvü seçilib.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə M.Hüseynovu XX əsr Azərbaycan memarlığının ən parlaq nümayəndəsi kimi səciyyələndirib. Qeyd edilib ki, görkəmli memar 200-dən çox layihə yaradıb və bunların hamısı çox peşəkarcasına, yüksək səviyyədə həyata keçirilib. O, işlərində memarlıq sənətinin irsindən çox ustalıqla istifadə edib və yaradıcılığında heç bir əcnəbi memarlıq nümunələrinə rast gəlinmir. Uzun illər Azərbaycan Memarlar İttifaqına rəhbərlik edən M.Hüseynov həm də ictimai xadim kimi fəaliyyət göstərib.
Akademik Ömər Eldarov dünya şöhrətli memarın Azərbaycan memarlığının inkişafında xidmətlərindən, yüksək insani keyfiyyətlərindən danışıb. Tədbirdə akademik M.Hüseynov haqqında məruzələr dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar