Lahıc misgərlik sənəti qurumun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib

Xəbər verdiyimiz kimi, Namibiyanın Vindhuk şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir. Noyabrın 30-da başlanan sessiyada əsas gündəm mövzularından biri təşkilatın qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına təqdim olunan nümunələrin müzakirəsidir.

Dekabrın 1-də təqdim olunan nominasiyalara baxılmasına başlanılıb. Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunub.
Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunub ki, bu nominasiya faylı “Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiya”nın bütün meyarlarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələr öz fayllarını hazırlayan zaman istifadə edilə bilər.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək Hökumətlərarası Komitənin və UNESCO-nun Qiymətləndirmə Orqanının üzvlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, Lahıc misgərlik sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılmasına, eyni zamanda, Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə verəcək.
“Lahıc misgərlik sənəti” faylı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq quruma təqdim edilib.
Beləliklə, 2015-ci ilin 1 dekabr tarixi Lahıc misgərlik sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı gün kimi mədəniyyət təqvimimizə yazılıb.
Xatırladaq ki, bundan öncə Azərbaycanın muğam sənəti, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı sənətləri, Novruz bayramı, habelə 2014-cü ildə Azərbaycan kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan əlavə, 2013-cü ildə çövkən - Qarabağ atüstü oyun ənənəsi təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib.
Lahıc misgərlik sənətinin bəşəriyyətin irs siyahısına salınması mədəni irsimizin növbəti təntənəsi və bu irsin zənginliyinin dünya miqyasında bir daha tanınması deməkdir. Bu münasibətlə xalqımızı təbrik edirik.
Qeyd edək ki, 2015-ci ildə UNESCO-nun “Qeyri-maddi mədəni irs siyahısı”na müxtəlif ölkələrdən ümumilikdə 35 nominasiya təqdim olunub. Siyahıya qəbul edilən nümunələr sırasında Türkmənistanın təqdim etdiyi “Koroğlu epik sənəti” (dastanın aşıqlar tərəfindən söylənişi), qazax-qırğız aşıq deyişməsi sənəti (Aytış) də var.
Bədnam qonşularımızın mədəni irsimizi mənimsəmək və buna UNESCO səviyyəsində don geyindirmək cəhdi isə növbəti dəfə uğursuzluğa düçar olub.
Ermənistan tərəfindən qeyri-maddi mədəni irs siyahısına təqdim edilmiş “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı Hökumətlərarası Komitə tərəfindən qəbul edilməyib. Erməni tərəfin nominasiyası bundan öncə UNESCO Qiymətləndirmə Orqanından tələb olunan beş meyara görə mənfi rəy alıb.
Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Hökumətlərarası Komitə Qiymətləndirmə Orqanının qərarını dəstəkləyib və nominasiya faylını Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul olunub.
Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanı Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.
Komitənin müvafiq qərarından qəzəblənən Ermənistan heyəti çıxış edərək quruma, Qiymətləndirmə Orqanına, eləcə də Azərbaycan nümayəndə heyətinə qarşı saxta bəyanatlar verməyə cəhd edib, Azərbaycan tərəfini məsələni siyasiləşdirməkdə ittiham edib.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Ermənistanın həmişə olduğu kimi, yenidən təxribata və şantaja əl atdığını bildirib. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, UNESCO-nun müvafiq Konvensiyasının prinsiplərinə və Komitəyə hörmət edir. Şöbə müdiri 2014-cü ildə də Ermənistan tərəfindən Hökumətlərarası Komitənin qərarının (lavaş hazırlanması ənənəsi ilə bağlı) təhrif edilməsi kimi analoji addımın atıldığını xatırladıb. O, Ermənistanın UNESCO-ya köçəri rəqsi haqqında faylı təqdim etməsinin Azərbaycanın qədim regionu olan Naxçıvana qarşı iddiaları ilə bağlı olduğunu diqqətə çatdırıb və çıxışının yekununda Ermənistan tərəfini dialoq və qarşılıqlı hörməti təşviq edən Konvensiyaya riayət etməyə çağırıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar